Gözəllik nədir?

0
733

Gözəllik dünyanın, təbiətin, insanların, əməllərin qəlbimizə fərəh qatan görüntüləridir. Könül oxşayan bu görüntülər yaşam dünyamızı özünəməxsus sevinclə işıqlandırır. Heç kimin həyatından yan keçməyən gözəllik ona qiymət verən, onu yaradanların timsalında bənzərsiz varlıqdır.
Bütün xoşluqlar gözəllik adı daşıyır. Gözəl yaşamaq, gözəl geyinmək,gözəl gəzmək, gözəl danışmaq, gözəl oynamaq, gözəlliklər seyr etmək, gözəl insanlarla ünsiyyətdə olmaq hər kəsin arzusudur. Bütün mükəmməlliklər gözəllik adı daşıyır.
İnsanların yaratdıqları gözəlliklər Allah tərəfindən yarananlarla müqayisə olunmasa da dünya varlığının simasında özünəməxsus izini qoyur.
Öz həyatı boyunca az da olsa gözəllik görməyən, gözəllik yaratmayan insan yoxdur.
Gözəlliyə məxsus olmaq da həmçinin.Gözəlliksiz yaranış yoxdur.
Dünyada insanlar da gözəl yaranıb. Bizim bu dünyadakı məziyyətlərimizin əsası da gözəlliyi qorumaq və yeni gözəlliklər yaratmaqdır.
Gözəllik tək görünüşlə bitməz. Qəlbimizi oxşayan xoş bir söz də gözəl təəssürat yaradır.
Gözəllik daşıyıcıları el arasında daim sevgi ilə xatırlanır.
“O, çox gözəl qızdır”. “O, uşaq gözəl şeirlər deyir”, “o oğlanın çox gözəl xasiyyəti var”, “qonşumuzun anası çox gözəl söhbətlər edir”, “mənim müəlliməm çox gözəl insandır”, “qonşumuz çox gözəl yeməklər bişirir, gözəl paltarlar tikir” və sairə. Əməllərimizin, düşüncələrimizin gözəlliyi həyat yoluna parlaq işıq saçır.
Bu yolda dünyanın bəxş etdiyi gözəllikləri qorumaq da əsas şərtdir. Gözəlliyi qorumaq onun yaradıcısı olmaq qədər şərəflidir. Küçəyə zibil ataraq gözəlliyi pozanlar
həyatımıza zibil atanların da mümkünlüyünü unutmamalıdırlar.
Gözəllik gözəllik yaradanındır. Əgər bu hər birimizə nəsib olubsa, onu qorumağı da bacaraq. Gözəl düşünək, gözəllik yaradaq, gözəlliyi yaşadaq…

Sənubər