Ermənilərdə qalan 8 kəndimiz: BƏS NƏ OLACAQ? – AKTUAL

0
223

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Azərbaycanın işğal altındakı 8 kəndinə (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi) qarşılıq Gədəbəyin Başkənd yaşayış məntəqəsinin və şərti dövlət sərhədində yerləşən bəzi kəndlərin adını çəkməklə ərazi iddiasını ortaya qoyub.

Paşinyanın fikrincə, əgər anklavlarla bağlı məsələ tərəflərdən biri – Ermənistan və ya Azərbaycan tərəfindən qəbul edilərsə, o zaman çoxlu suallar ortaya çıxacaq.

Paşinyan deyib ki, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə Başkənd də daxildir:

“Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı problemimiz var”, – deyən N.Paşinyanın sözlərinə görə, Ermənistanın sərhəddəki Tavuş rayonunun bir sıra kəndləri Azərbaycan tərəfinin nəzarətində qalıb. O, buna misal kimi Berkaber (Bibiş), Aygehovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar adlandırılan kəndləri göstərib.

Xatırladaq ki, bu ilin may ayında Paşinyan demişdi ki, Azərbaycanın 86.600 kv. kilometrlik ərazi bütövlüyünə anklavlar da daxildir.

“Ermənistanın 29.800 kv. kilometrlik ərazisinə Artsvaşen (Başkənd), Azərbaycanın 86.600 kv. kilometrlik ərazisinə isə üç anklav da daxildir”, – deyə Paşinyan həmin vaxt bildirmişdi və məsələnin həlli ilə bağlı təkliflərini də təqdim etmişdi:

“Bu məsələnin həllinin bir neçə variantı var: onlardan biri anklavları ərazisində yerləşdikləri tərəfin nəzarəti altında buraxmaqdır. Yəni kvadrat kilometrlər dəqiqləşdirilməklə, ərazilərin ekvivalentliyi prinsipinə əsasən.”

“Tutaq ki, Artsvaşenin, digər anklavların ərazisi ölçülsün və müvafiq olaraq hər şey bərabərlik prinsipi əsasında olacaq şəkildə hərəkət edilsin”.

“Digər variant sülh müqaviləsi bağlandıqdan sonra Artsvaşenin Ermənistanın suverenliyi altına, digər üç anklavın isə Azərbaycanın suverenliyi altına qaytarılmasıdır.” Paşinyan həmin vaxt qeyd etmişdi ki, bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr davam edir.

Maraqlıdır, həmin vaxt Paşinyan Başkənddən başqa Azərbaycanın nəzarətində olan hansısa ərazidən söhbət açmamışdı. Paşinyanın məhz indi Ermənistanın 8 kəndi məsələsini ortaya atmaqda məqsədi nədir?

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın anklav ərazilərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirlik bildirib ki, bu iddia Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlamasına bəraət qazandırmaq məqsədilə irəli sürülüb. Rəsmi açıqlamada qeyd olunur ki, Azərbaycanın hansısa erməni kəndlərini işğalda saxlaması iddiaları yalandır. Eyni zamanda, Paşinyanın bu açıqlamasından təəccübləndiyini də ifadə edir.

Rəsmi Bakı həmçinin Yerevanı beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda, Azərbaycanın 8 kəndini işğalda saxlamaqda qınayır.

Siyasi şərhçi İlham İsmayıl məsələ ilə bağlı ASTNA-ya danışıb.

* * *

Sual: İlham bəy, Paşinyan deyib ki, Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı problemimiz var. Ermənistanın sərhəddəki Tavuş rayonunun bir sıra kəndləri Azərbaycan tərəfinin nəzarətində qalıb. O, buna misal kimi Berkaber (Bibiş), Aygehovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar (Vəlikənd) adlandırılan kəndləri göstərib. Paşinyanın dediyi 8 kənd Azərbaycanın nəzarətindədir?

Cavab: Ermənistan İctimai Televiziyasına müsahibə verən baş nazir Paşinyanın guya Azərbaycanın 8 kəndi işğal etdiyini bildirməsi təəccüblü olduğu qədər, birmənalı şəkildə həqiqətə uyğun deyil. Təəccüblü odur ki, Paşinyan əvvəlki çıxışlarında anklav kəndlərdən danışanda, Qarabağ ərazisinə aid olmayan və Ermənistanın nəzarətində 8 Azərbaycan kəndinin, Azərbaycanın nəzarətində isə bir Ermənistana aid kəndin olduğunu səsləndirib və bu həqiqətdir. Ermənistanın nəzarətində Qazax rayonunun Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləri və Naxçıvanın Kərki kəndidir. Azərbaycanın nəzarətində isə Ermənistanın Çəmbərək ( keçmiş Krasnoselsk rayonu) rayonuna aid Artsvaşen kəndidir. Bu kənd indi Gədəbəy rayonunun Başkəndi adlanır. Qəribədir ki, Paşinyanın adlarını çədikləri kəndlər arasında real olan Başkəndin-Artsvaşenin adı yoxdur. Berkaber, Aygehovit, Vazaşen, Paravakar kəndləri Ermənistanın Tavuş vilayəti adlanan əraziyə aiddir və indi də İcevan rayonun kəndləri kimi Ermənistanın tam nəzarətindədir. Hətta, kəndin konkret icma nümayəndələrinin adları da internet səhifələrində yer alıb.

Sual: Paşinyan indi belə bir məsələ qaldırmaqla nə demək istəyir? Məqsədi nədir?

Cavab: Bildiyiniz kimi Azərbaycan Prezidenti Şarl Mişellə son telefon danışığında 8 anklav kəndin azad edilməsini şərt kimi irəli sürdü və Paşinyana əks olan qüvvələr bu faktı guya Azərbaycana ediləcək növbəti güzəşt kimi dəyərləndirdi. Hesab edirəm ki, Paşinyanın bu açıqlaması daxili auditoriyanı sakitləşdirməyə yönəlib, amma ermənilər özləri də bilir axı, bu kəndlər ermənilərin nəzarətindədir. Uğrsuz bir iddiadır və əsası yoxdur. Məqsəd, sülh müqaviləsinin imzalanmasının zaman məsafəsini yenə süni şəkildə uzatmaq və Qərbin bu cür detallar haqqında məlumatsızlığından istifadə edib, bununla da vaxt udaraq daxili təzyiqləri neytrallaşdırmaqdır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kv.km olaraq tanıyıb və 8 anklav kənd də bu əraziyə daxildir.

Sual: Ümumiyyətlə, Azərbaycanın 8 kəndi və Ermənistanın bir kənd məsələsi, yəni anklavlar məsələsi necə həllini tapmalıdır?

Cavab: Tarixdə buna oxşar problemlər olub və tərəflər müəyyən güzəştlər qarşılığında məsələni həll edə biliblər. Strasburq kimi şəhər də tarixi boyu gah Almaniyanın, gah da Fransanın idarəetməsində olub. Nəhayət, İkinci Dünya müharibəsindən sonra Strasburq Fransaya verildi və almanlar bununla razılaşdı. Bizim situasiyada isə müəyyən ərazi mübadiləsini daha effektli hesab edirəm. Naxçıvanın Kərki kəndi və Gədəbəydəki Başkənd Azərbaycan-Ermənistan dövlət sərhədindən 13-15 km məsafədə yerləşir. Gələcəkdə də bu kəndlərin anklav kimi istifadə olunması əlavə gərginlik və təxribat mənbəyi ola bilər. Ona görə də hesab edirəm ki, Kərki kəndi ilə Başkəndin mübadiləsi vəziyyətdən çıxış yolu ola bilər. Qazaxın kəndləri isə Azərbaycana qaytarılmalıdır. Burada ərazi sahəsini nəzərə alsaq bizim 8 anklav kəndlərin ümumi ərazisi 123,9 kv.km, Ermənistana aid Başkəndin isə ərazisi 41 kv.km-dir. Kərkinin ərazisi 19 kv.km, Başkəndin ərazisi 41 kv.km təşkil edir. Adını çəkdiyim kəndlər mübadilə olunarsa, qalan torpaq sahəsini Azərbaycan Qazaxın 7 kəndinə aid torpaq sahələri ilə kompensasiya edə bilər. Əlbəttə, bu mənim şəxsi mülahizələrimdir və nümunə kimi irəli sürürəm, ölkənin səlahiyyətli şəxslərinin başqa cür yanaşması da ola bilər. Hər halda, elə variant seçmək lazımdır ki, bu yerlər perspektiv gərginlik mənbəyinə çevrilməsin.

Hesab edirəm ki, Brüssel görüşü sülh müqaviləsinin imzalanmasına təkan vermiş olsa, anklav kəndlər ətrafında problemin həll edilməsi ayrıca danışıqlar predmetidir.

* Azərbaycan ordusunun 1992-ci ildə işğal etdiyi Başkənd (Artsvaşen) erməni yaşayış məntəqəsinin ərazisi 40 kv. km-dir. Elə həmin dövrdə Ermənistan ordusu Azərbaycanın Qazax rayonuna aid yeddi kəndini və Naxçıvanın Kərki kəndini işğal edib.

Yuxarı Əskipara – 8,6 kv. km (anklav)

Aşağı Əskipara – 9,1 kv. km

Bağanis Ayrım — 40 kv. km

Bərxudarlı — 10,1 kv. km (anklav)

Sofulu — 22 kv. km (anklav)

Qızıl Hacılı — 11 kv. km

Heyrimli — 4,1 kv. Km

Kərki (Naxçıvan)— 19,2 kv. km (anklav)

Qazaxın yuxarıda sadalanan kəndlərindən üçü və Naxçıvanın Kərki kəndi anklavdır, yəni Ermənistan ərazisi ilə əhatə olunub. Digər kəndlər sərhəddə yerləşir.Qazax rayonunun işğal edilmiş kəndlərinin və NMR-in bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometr təşkil edir, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur. – Müəllif Kamran Mahmudov.

Sual: İlham bəy, dediyiniz kimi, Azərbaycan üçün Başkənd əhəmiyyət kəsb edir. Ermənistan üçün isə Qazaxın onlarda olan 7 kəndindən 3-ü strateji əhəmiyyət daşıyır. Yəqin ki bu məsələlər asan həll olunmayacaq. Yəni düşünürsünüz ki, çıxış yolu kimi ərazi mübadiləsi mümkündür?

Cavab: Azərbaycan üçün necə Başkənd əhəmiyyətlidirsə, Kərki Ermənistan üçün ikiqat əhəmiyyət daşıyır. Kərki həmin bölgəni İrəvanla birləşdirən yeganə yolun üstündədir. Relyef də elədir ki, əlavə yol çəkmək çox çətindir. Qazaxın kəndləri də Ermənistan üçün ona görə əhəmiyyətlidir ki, Gürcüstana çıxış yolu bu kəndlərin içindən keçir. Ermənistan məhz bu amillərə görə tərəddüd içərisindədir. Ona görə də, Azərbaycan Qazaxın anklav kəndlərinə tam nəzarəti mütləq həyata keçirməlidir ki, Ermənistan üçün çəkindirici faktor rolunu oynasın. Yəni, başqa yerlərlə torpaq mübadiləsinə hər iki dövlət razı olası deyil, ona görə də anklav kəndlərin məsələsi ilk delimitasiya və demarkasiya müzakirələrində həll edilməlidir. //aztoday.az//