COVID-19-dan ölüm hallarının ƏSAS SƏBƏBİ TAPILDI

0
256

Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, koronavirusa yoluxan insanların ölümünə əsas səbəb sitokin fırtınası deyil, ikincil bakterial infeksiya olub. Tədqiqatçılar tibbi qeydləri təhlil etmək üçün maşın öyrənmə üsullarından istifadə edərək bu qənaətə gəliblər.

Bununla bağlı məqalə “Journal of Clinical Investigation” (JCI) jurnalında dərc olunub.

Təhlil üçün ağır pnevmoniya və tənəffüs çatışmazlığı diaqnozu ilə reanimasiya şöbəsinə daxil olan 585 xəstənin tibbi sənədlərindən istifadə edilib, onlardan 190-na COVID-19 diaqnozu qoyulub. Oxşar reanimasiya xəstə günlərini klinik vəziyyətə görə qruplaşdırmaq üçün CarpeDiem adlı maşın öyrənmə üsulundan istifadə edilib. Bu, ikincili bakterial infeksiyaların xəstələrin həyatına necə təsir etdiyini öyrənməyə imkan verib.

Məlumatları təhlil üçün istifadə edilən xəstələr, ağır pnevmoniya olan xəstələr üçün yeni biomarkerləri və müalicələri müəyyən etmək üçün SCRIPT tədqiqatında iştirak ediblər.

Tədqiqat göstərib ki, COVID-19 xəstələrində ölüm səbəbi kimi ağciyərlərin bakterial superinfeksiyasının rolu lazımi səviyyədə qiymətləndirilməyib. Çünki əksər mərkəzlər onu axtarmayıblar və ya nəticələrini onun müalicəsinin uğurlu olub-olmaması yox, yalnız bakterial superinfeksiyanın olub-olmaması baxımından hesab ediblər.

Gələcəkdə alimlər bəzi xəstələrin sətəlcəmdən sağaldığını, digərlərinin isə niyə sağalmadığını öyrənməyi planlaşdırırlar.