Xərçəng xəstəliyini aşkar edə bilən süni intellekt yaradıldı

0
148

Alimlər kompüter tomoqrafiyası (KT) görüntüləri əsasında xərçəng xəstəliyini aşkar edə bilən süni intellekt modeli yaradıblar.

Süni intellekt Kral Marsden Fondu, London Xərçəng Tədqiqatları İnstitutu və London İmperial Kollecinin mütəxəssisləri tərəfindən yaradılıb. Onlar xərçəng şişlərini aşkar edən alqoritmin yazılması üçün 500-ə yaxın xəstənin görüntülərindən istifadə ediblər.

Tədqiqat müəllifinin sözlərinə görə, yaradılmış model xərçəng xəstəliklərinin erkən diaqnostikasında yüksək effektivlik göstərib.

“Ümid edirik ki, gələcəkdə bu süni intellekt yüksək riskli xəstələrin müəyyən edilməsini asanlaşdıracaq. Öz növbəsində, bu da yüksək riskli xərçəng xəstələrinin erkən aşkarlanması hesabına xəstəliyin müalicəsində daha böyük nailiyyətlər əldə edilməsinə imkan verəcək”, – deyə tədqiqatçılardan biri Benjamin Hanter qeyd edib.

Alqoritm hazırda ilkin hazırlanma mərhələsindədir və onun səhiyyə sistemində tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var. Lakin alimlər hesab edirlər ki, xərçəngin erkən diaqnostikasında süni intellektin üstünlükləri artıq göz qabağındadır.