Moskvada KRİTİK GÖRÜŞ: Laçın-Xankəndi yolunda…

0
135

Aprelin 27-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Bu barədə səfirlikdən “Report”a məlumat verilib.

Görüşdə Laçın-Xankəndi yolunda yaranmış vəziyyət müzakirə edilib, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında indiyədək əldə edilmiş razılaşmalara ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib.

P.Bülbüloğlu Azərbaycanın regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı olduğunu və üçtərəfli bəyanatın müddəalarına sadiq qaldığını diqqətə çatdırıb.

Səfir qeyd edib ki, Ermənistan tərəfi sözügedən bəyanatın müvafiq bəndlərini pozaraq, regionda bütün kommunikasiya xətlərinin açılması və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni birləşmələrinin çıxarılması ilə bağlı öhdəliklərini bu günədək yerinə yetirməyib.

Üçtərəfli bəyanata zidd olaraq, məhz Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və digər hərbi təyinat vasitələrinin daşınmasının qarşısının alınması üçün tərəfimizdən Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradılıb.

Bununla yanaşı, P.Bülbüloğlu qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycan Laçın yolundan istifadədə şəffaflığın qorunmasını təmin edəcək və həmin yol 3 istiqamət – vətəndaşlar, yüklər və nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Əvvəl də olduğu kimi, Laçın yolundan Rusiya sülhməramlı kontingenti, Beynəlxalq Qırmızı Xaç Komitəsi və humanitar məqsədli nəqliyyat vasitələrinin keçidi üçün tam şərait yaradılacaq və bütün digər humanitar xarakterli məsələlər öz həllini tapacaq.

Ermənistan tərəfindən yerləşdirilmiş minaların qurbanları olan vətəndaşlarımızın artdığını vurğulayan səfir, son olaraq, Şuşa rayonu ətrafında yük avtomobilinin minaya düşməsi nəticəsində 3 Azərbaycan hərbçisinin xəsarət aldığını və hadisə baş verən əraziyə keçirilmiş baxış zamanı minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğunun müəyyən edildiyini qeyd edib. Bu hadisənin ermənilərin növbəti mina təxribatı kimi dəyərləndirildiyini, yeni nəzarət–buraxılış məntəqəsinin məhz gələcəkdə bu kimi hadisələrin təkrar olunmaması üçün qurulduğunu bildirib.