Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə son çıxışı Xankəndidə qalan separatçı-terrorçu rejimin ciddi narahatlığına səbəb olub. Erməni baş nazir bildirdi ki, “Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar” və “Qarabağ məsələsi sülh müqaviləsinə daxil edilməyə bilər”. Və əlavə edib ki, “Qarabağın “öz müqəddəratını təyinetmə” məsələsi çətindir”.
Paşinyanın verdiyi mesaj aydındır: reallıqlar Qarabağı Azərbaycan ərazisi kimi tanımaq zərurətini yaradıb, alternativ yol mümkünsüzdür.
Xankəndidəki separatçılar Paşinyana etiraz edir. Hərçənd, bu etirazın erməni baş nazirin açıqlamasından dərhal sonra yox, Azərbaycan Prezidentinin Qarabağla bağlı konkret mesajından sonra edilməsi maraqlıdır.
Prezident İlham Əliyev bəyan etdi ki, separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.
Paşinyanın açıqlamasından sonra Əliyevin sonuncu hesab edilə biləcək şərti elan etməsi, Xankəndidəki separatçıların yolun sonuna gəldiyi deməkdir. Bunu anlayan separatçıların iki gediş etdiyi müşahidə olunur:
Birincisi, Paşinyana etiraz edərək, “öz müqəddəratını təyinetmə” məsələsindən danışır, Ermənistandan, Rusiya sülhməramlılarından, həmçinin, “dünya ermənilərindən” imdad diləyirlər;
İkincisi, “Azərbaycan ermənilərə hücum edir” rəyini yaratmaq istiqamətində saxta iddialar irəli sürürlər;
Dünən iddia etdilər ki, Azərbaycan keçmiş Ağdərə rayonu ərazisində və Xocalıda atəş açıb. Eyni iddianı Rusiya Müdafiə Nazirliyi də təkrarladı. Məqsəd son seçimi elan edən Bakıya inteqrasiyanın mümkünsüzlüyünü, erməni əhalisinə “hücum edildiyi” görüntüsü yaratmaq və öz mövcudluqlarını qorumaqdır. Hərçənd, beynəlxalq ictimaiyyət öz səssizliyi ilə artıq bu iddialara inanmadığını nümayiş etdirir.
Bunun fonunda separatçıların erməni əhalisi üzərində təzyiq rıçaqları da hər keçən gün azalır. İstisna deyil ki, Qarabağda yaşamaq istəyən ermənilər separatçılara qarşı çıxaraq, Bakı ilə birbaşa təmaslar qura bilər. İndiyə qədər bir neçə dəfə belə addım atılıb. Prezident İlham Əliyevin son çıxışı ermənilərin seçimini sürətləndirəcək amildir.