“Soruşdum, oğlum sağdırmı?” – Ermənistanda əsir olan əsgərlərin valideynləri danışdılar

0
152

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri İrəvanda saxlanılan Azərbaycan əsgərlərinə baş çəkiblər. BQXK-nın məlumatına görə, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qırmızı Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

Əsir hərbçilərin ailələri onların durumu haqqında verilən məlumatları oxu.az-la bölüşüblər. Valideynlər övladları ilə görüntülü danışmaq istədiklərini bildiriblər.

Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova BQXK-nın görüşlə əlaqədar onlara da məlumat verdiyini bildirib:

“Dedilər, övladlarımızla görüşüb, danışıblar. Məktub yazıblar, amma telefonla səsli, görüntülü danışmağa şərait yaradılmır. Mən soruşdum, oğlum sağdırmı? Dedilər, hər şey yaxşıdır. Amma gözümlə görmədən, səsini eşitmədən necə inanım? Biz məktub yazmadıq ki, övladlarımızın səsini eşitmək istəyirik, görmək istəyirik. Amma hələ də mümkün olmayıb”.

Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova isə məktubun onlara hələ çatdırılmadığını deyib:

“Məktub varsa belə, inanmıram. Bilmirəm, yazdıqlarını hansı şəraitdə yazıb. Biz tələb edirik ki, övladımızla görüntülü danışaq, üzünü görək, səsini eşidək. Mənə deyirlər, oğlun yaxşıdır, mən nə bilim, bəlkə, yalan deyirlər?! Belə olmamalıdır. Övladlarımızı göstərsinlər”.

Hər iki valideyn övladlarının taleyi ilə əlaqədar Avropa Məhkəməsinə müraciət etdiyini söyləyib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər. Erməni “Telegram” kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Hüseyn Axundovun Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür