Pakistanlı ekspert: “Dünya öz hərəkətsizliyi ilə azərbaycanlıların həlak olmasına göz yumur”

0
110

“Beynəlxalq ictimaiyyət öz hərəkətsizliyi ilə Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində Azərbaycanın mülki vətəndaşlarının həlak olmasına göz yumur”.

Bunu beynəlxalq əlaqələr üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm deyib.

“Ermənistanın 30 illik işğal dövrü zamanı, eləcə də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yerləşdirdiyi minalar Azərbaycanın mülki vətəndaşlarını və hərbçilərini öz torpaqlarında qətlə yetirməyə davam edir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, öz hərəkətsizliyi ilə Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində azərbaycanlıların qətlə yetirilməsinə göz yumur. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir”.

Aprelin 4-də dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününün qeyd olunduğunu bildirən Taymur Əkrəm Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə xüsusi diqqət ayrılmasına çağırıb.

Ekspert həmçinin Ermənistanı mina sahələrinin dəqiq xəritələrini təqdim etməyə, beynəlxalq ictimaiyyəti isə keçmiş məcburi köçkünlərin qısa zamanda öz evlərinə qayıtmaları üçün bu ərazilərin sürətlə minalardan təmizlənməsinə yardım göstərməyə çağırıb.

“Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruz Niftalıyevin aprelin 2-də minaya düşərək həlak olması faktı İkinci Qarabağ müharibəsinin bitməsindən iki il yarım keçməsinə baxmayaraq, bu məsələnin hələ də çox aktual olduğunu sübut edir”, – Xalid Taymur Əkrəm əlavə edib.