Ölkəmizdə insult xəstəliyindən ölüm halları niyə artıb?

0
214

Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olunurdusa, indi daha aşağı yaşlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Hətta bu xəstəlikdən ölüm sayı da artıb.

Məsələ ilə bağlı açıqlama verən nevroloq Qalib Əsədov bildirib ki, insult xəstəliyindən əziyyət çəkənlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi stresdir.

“Son dövrlərdə insanlar çoxlu miqdarda neqativ emosiyalar alırlar. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başlıca səbəblərindən biridir. Əvvəllər bayramlarda insanlar kütləvi şəkildə pozitiv enerjiyə köklənirdilər. Bu günlərdə isə biz bayramları belə, könül xoşluğu ilə keçirə bilmirik. Bu cür gərginliyin fonunda təzyiq artır, qan dövranının pozulması ağır xəstəliklərə gətirib çıxarır.

İkinci amil isə odur ki, canımızın qayğısına qalmırıq. Təzyiq varsa, haramızsa ağrıyırsa, baş ağrıyırsa, başgicəllənmə varsa, boş şeydir deyirik. Həkimə getməklə bağlı problem yaşayırıq. Ciddi problem olduqda belə, həkimə getmək əvəzinə, kimdənsə eşitdiyimiz türkəçarə üsullarına əl atırıq. O vaxt müalicəyə keçirik ki, xəstəlik artıq ciddiləşir, xəstə artıq insult keçirmiş olur”, – Əsədov bildirib.

Nevroloq qeyd edib ki, xəstəliklərin artmasında digər məsələ qidalarımızdır:

“Azərbaycan mətbəxi çox zəngindir. Yağlı və duzlu yemək çeşidlərimiz boldur. Biz də bunlara diqqət etmədən çox yeyirik. Üstəlik, bizim həyat tərzimiz yarımoturaq keçir. Çox insan işi ilə əlaqədar bütün gün kompüter arxasında olur. Bu da qan dövranının pozulmasına, onurğa əyriliyinə səbəb olur. İnsanlar təmiz havada gəzməli, bacardıqca stresdən uzaq olmalıdırlar”.