BMT-də azərbaycanlılara qarşı vəhşiliklər gündəmə gətirildi

0
454

imgBMT-nin Nyu-Yorkda Mənzil Qərargahında Təhlükəsizlik Şurasının “Uşaqlar və Silahlı münaqişələr” mövzusunda müzakirələr keçirilib.

Xarici İşlər Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, müzakirələrdə iştirak edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev tədbir iştirakçılarının diqqətini Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktlarının törədilməsi nəticəsində minlərlə dinc insanın, o cümlədən uşaqların amansızcasına qətlə yetirildiyinə yönəldib.

Daimi nümayəndəmiz 1992-ci ilin fevralında Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yüzlərlə azərbaycanlının, o cümlədən qadın, uşaq və qocaların amansızcasına qətlə yetirildiyini, yaralanıb və ya girov götürüldüyünü qeyd edib. Rəsmən atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, erməni silahlı qüvvələrinin cəbhəboyu və cəbhə xəttindən aralıda Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə dəfələrlə zərbələr endirdiyi və azyaşlı uşaqların qanlı təxribatların qurbanı olduğu vurğulanıb.

Zorakılıq silsiləsini dayandırmaq və onların qarşısını almaq üçün beynəlxalq humanitar hüquq normalarına əməl edilməsinin və cəzasızlığa son qoyulmasının vacib şərt olduğu Azərbaycanlı Daimi Nümayəndə tərəfindən qeyd edilib.