Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan bu gün “postundan” uzaqlaşdırıla bilər.
Ermənistan mediasına istinadən xəbər verir ki, bu gün separatçıların “başçısı” Araik Arutyunyanın müraciət edəcəyi və Rubeni “vəzifəsi”ndən uzaqlaşdıracağı gözlənilir.
“Birinci xəbər” saytı yazır ki, R.Vardanyan “istefa ərizəsi” yazmaqdan qəti şəkildə imtina edib: “Buna görə də Arutyunyan onu “vəzifəsindən” çıxarmaqla bağlı qərar verəcək. Güman ki, bu gün qərar televiziya (separatçıların kanalı-red) vasitəsilə elan olunacaq. Artıq məlumdur ki, Rubenin yerinə “baş prokuror” Qurgen Nersisyan hazırlanır”.
Sayt yazır ki, Ruben hələ də dirəniş göstərir və müəyyən dəstəyi də var.
“Vardanyanın bundan sonra Xankəndidə qalacağı, yoxsa İrəvana gələcəyi bəlli deyil. Lakin onun Rusiyaya qayıdacağı, yaxud başqa ölkəyə gedəcəyi istisna edilir”, – məlumatda bildirilir.
Qeyd edək ki, Ruben Vardanyanın Xankəndindən çıxarılması rəsmi Bakının əsas tələblərindəndir.