Bakıdan Türkiyəyə yardımın 8-ci günü: “Təkcə dünən 21 TIR göndərdik” – FOTO

0
165

Bakıda qardaş Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım toplanması kampaniyası ilk gün olduğu kimi, sürətlə davam edir.

Məlum olub ki, bu gün də xeyli sayda insan aksiyaya qoşulub, zərərçəkənlərə yardım gətirib.

Universitet tələbələri və orta məktəb şagirdlərindən ibarət könüllülər geyimləri çeşidləyərək hüquq mühafizə orqanlarının əməkdaşlarına təqdim edirlər. Həmin yüklər xüsusi təlim keçmiş itlər vasitəsilə yoxlanılaraq daşınması üçün nəzərdə tutulan TIR-lara yüklənilir.

Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy açıqlamasında deyib ki, artıq 8-ci gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir:

“Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. Təkcə dünən 21 TIR yardım göndərmişik. Ümumilikdə indiyədək zəlzələ bölgəsinə 126 TIR yardım yola salmışıq”.

Qeyd edək ki, fevralın 6-da mərkəzi Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 31 974 nəfər ölüb, 80 278 nəfər isə yaralanıb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.