Xankəndində son vəziyyət: Vardanyan ermənilərin başına oyun açır

0
165

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni əhalisi separatçı-terrorçu rejimin yaratdığı vəziyyətdən ciddi şəkildə əziyyət çəkir.

Laçın yolunda aksiyanın başlanmasından sonra qondarma rejim “humanitar fəlakət” görüntüsü yaratmaq məqsədilə erməni əhalisinə qarşı anti-humanist addımlar atır.

Aksiya ərazisindən hər gün onlarla humanitar yardım və digər ləvazimatlar daşıyan yük maşınları keçir. Demək olar ki, daşınan yüklər aksiya başlanmamışdan əvvəlki həcmdədir. Bununla yanaşı, Qarabağda ərzaq, yaxud hansısa digər məhsulun defisiti yaşanmayıb. Bunu ermənilərin açıqlamaları da təsdiq edir. Lakin separatçı-terrorçu rejim “humanitar fəlakət” iddialarını təsdiq etmək naminə əhalinin həyat şərtlərini çətinləşdirir. Xüsusilə qondarma “dövlət naziri” Ruben Vardanyan müxtəlif qərarlarla ermənilərə əziyyət verir.

Xankəndi və ermənilərin yaşadığı digər ərazilərdəki son vəziyyət insanların Vardanyanın oyunlarının qurbanına çevrildiyini təsdiq edir.

İntensiv şəkildə qazın verilişi dayandırılır və buna görə Azərbaycan ittiham olunur. Qaz təchizatı bərpa edilməsinin ardınca elektrik enerjisi məqsədli şəkildə kəsilir. Misal üçün, Xankəndində gün ərzində üç dəfə üç saat olmaqla elektrik enerjisi kəsilir.

Ərzaq məhsullarının talonla satışına başlanmasından sonra mağazalarda növbələr yaranıb. Son məlumata görə, yüzlərlə mağazanın önündə ermənilər ərzaq əldə etməyə çalışır.

İki gün öncə bazara istifadə müddəti keçmiş ərzaqlar daxil edilib. Xüsusilə düyüdən kəskin qoxu gəlməsi ermənilərin narazılığına səbəb olub və alınan malların qaytarılması üçün mağazalarda növbələr yaşanıb.

Erməni əhalisi hər gün Qarabağa daşınan humanitar yüklərin hara yoxa çıxdığını soruşurlar, lakin konkret cavab verilmir. Laçın yolundan daşınan yüklərin Qarabağdakı aqibəti müəmmalıdır. Misal üçün, “Ermənistan” Fondu separatçıların İrəvandakı nümayəndəliyinə 100 ton ərzaq məhsulu bağışlayıb. Bu yardımın hara aparıldığı haqda dəqiq məlumat yoxdur.

Daşınan malların məqsədyönlü şəkildə gizlədildiyi və erməni əhalisinin həyatının çətinləşdirilməsi üçün bütün vasitələrdən istifadə edildiyi istisna deyil. Malların sülhməramlılar və separatçılar tərəfindən mənimsənilərək, satıldığı da versiyalardan biridir.

“Birinci xəbər” saytının məlumatına görə, sülhməramlı kontingentinin rəhbərliyi mövcud vəziyyətdən istifadə edərək, bir çox məhsulun baha qiymətə satılmasını həyata keçirir.

Separatçı rejim iş yerlərini də kütləvi şəkildə ixtisar edir. İndiyə qədər heç bir əsas gətirilmədən 4700 nəfər işdən çıxarılıb.

Bütün bu oyunların Ruben Vardanyan tərəfindən təşkil edildiyini ermənilər də təsdiq edir.

Separatçı rejimin keçmiş qondarma “nazirlərindən” biri Mikael Hayriyan bildirib ki, Vardanyan Qarabağı və erməniləri öz ambisiyalarının əsirinə çevirir.

“Bir neçə ay əvvəl Ruben Vardanyan nümayişkərana şəkildə Rusiya vətəndaşlığından imtina etdi və “bizi xilas etmək üçün” “arsax”a gəldi. Mümkün problemləri və riskləri dəyərləndirməyən, heç bir geosiyasi mərkəzdən dəstək almayan Vardanyanın müəyyən qüvvələrə xidmət etdiyi və başqa məqsədlər naminə bura köçdü bəllidir. Üç ay sonra anladıq ki, o, öz ambisiyaları naminə hər kəsi çətin vəziyyətə salıb. Bir neçə sözlə bütün iqtisadiyyatı, sistemi məhv etdi. Elə vəziyyət yaranıb ki, vəziyyətin daha da pisləşməməsi üçün onun danışmamasını istəyirik”, – Hayriyan deyib.

Keçmiş qondarma “nazirlər”dən digəri Hayk Xanumyan da Vardanyanı ittiham edib. Bildirib ki, o, populist çıxışlar edir və bütün addımları özünün reklamına hesablanıb.

“Vardanyan şou göstərir və bu şousuna erməni əhalisini də çətinliklərin yaranması bahasına qoşmağa çalışır”, – Xanumyan bildirib