Azərbaycan Ermənistana qarşı təbii sərvətlərin istismarına dair hüquqi məsuliyyət tədbirləri planlaşdırır

0
156

Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır.

Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.

Bildirilib ki, il ərzində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı verdiyi şikayətlər üzrə zəruri tədbirlər görülüb.

“Dekabr ayında Azərbaycan tərəfi Ermənistana qarşı 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair yeni dövlətlərarası şikayət təqdim edib. Azərbaycan tərəfi insan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanmasını tələb edir. Bundan əlavə, Ermənistana qarşı aparılan hüquqi məsuliyyət tədbirləri çərçivəsində BƏM-ə təqdim ediləcək əsas iddia – 30 illik hərbi işğal dövrünə aid bütün faktları əks etdirən müfəssəl sənəd yekunlaşdırılıb. Sənəd 2023-cü ilin yanvar ayının sonunda BƏM-ə təqdim ediləcək. Həmçinin 12 oktyabr 2022-ci il tarixində BƏM Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı yeni müvəqqəti tədbirlərə dair verilmiş vəsatəti rədd edib. Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır”, – məlumatda xatırladılıb.