Bakıda müxtəlif qadınlara qarşı falçılıq adı ilə dələduzluq edən qadının məhkəmə prosesi başa çatıb.
Lamiyə Qalimova Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məlum olub ki, 21 yaşlı Lamiyə “Instagram”da səhifə açaraq özünü falçı kimi təqdim edib və bir neçə qadına qarşı dələduzluq edib.
Qadınların “falçı”ya müraciət etmələrinin əsəs səbəbi həyat yoldaşları ilə bağlı olub.
Məsələn, qadınlardan biri həyat yoldaşı ilə küskünlüyü aradan qaldırmaq üçün Lamiyəyə 970 manat ödəniş edib. Lamiyə bu məbləğin qarşılığında qadına rəngli şamlar göndərərək onu gecə saat 00:00-da yandırmasını və ona təqdim etdiyi duaları oxumasını istəyib. Lakin bu vasitələrin heç biri qadının əri ilə arasında olan küskünlüyün bitməsinə səbəb olmayıb və o, Lamiyə tərəfindən aldadıldığını başa düşüb.
Lamiyə eyni üsulla başqa bir qadına rəngli şamları hətta 1 700 manata satıb.
Başqa bir qadın isə Lamiyəyə fala baxmaq üçün müraciət edib. 21 yaşlı qız fala baxan zaman qadına ailə, şəxsi və iş həyatında böyük problemlərlə üzləşəcəyini, oğlunun öləcəyini, cadu olunduğunu, üstündə ağırlıq qaldığını bildirib.
Lamiyə həmçinin ona 500 manat pul verməsə, bütün bunların baş verəcəyini və ona heç bir köməklik edə bilməyəcəyini bildirib. Qadın Lamiyədən ona necə köməklik edə biləcəyini soruşduqda isə “falçı” ona şamlar alaraq “magiya” ilə rituallar keçirib özündə olan xüsusi enerji ilə şər qüvvələri ondan uzaqlaşdıracağını deyib.
Qadın 500 manatı taparaq Lamiyəyə göndərib. Bundan bir gün sonra verdiyi pulla ona köməklik edə biləcəyini, lakin oğlunu ölümdən qurtara bilməyəcəyini deyib. Lamiyə ona oğlunun ölümünə bir ay vaxt qaldığını və tez vaxtda onu şər qüvvələrdən qorumalı olduğunu bildirib. Bu məqsədlə “falçı” qadından daha 700 manat alıb və sonradan telefonlara cavab verməyib.
Dələduzluğa məruz qalanlar çox keçmədən aldadıldıqlarını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hakim qərar qəbul edərkən zərərçəkmişlərdən ikisinə dəymiş ziyanın ödənilməsini, eyni zamanda Lamiyənin cavanlığını nəzərə alıb. Qərara əsasən, o, 2 il 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.