Detallar açılır: Putin Vardanyanı vətəndaşlıqdan niyə çıxardı?

0
161

“Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxması ilə bağlı bir neçə ay öncə yayılan məlumatlara inanmırdıq və bunun qurama olduğunu düşünürdük. Əgər Vladimir Putin fərmanı bu gün imzalayıbsa, deməli o, indi vətəndaşlıqdan çıxarılıb. Üstəlik, vətəndaşlıqdan imtinanın dəqiq səbəbləri göstərilməlidir. İddialara görə, Vardanyan guya sanksiyalardan yayınmaq, xüsusilə də çirkli pulları yuduğuna və bu prosesdə iştirak etdiyinə görə, Avropa və ABŞ-ın sanksiyalarından qorxaraq bu addımı atıb”.

Bunu politoloq Qabil Hüseynli Vladimir Putinin Ruben Vardanyanın Xankəndinə köçmək üçün Rusiya vətəndaşlığından imtina ərizəsini təmin etməsinə münasibət bildirərkən deyib.

Politoloq hesab edir ki, Vardanyan Rusiyanın vassalıdır və onların göstərişləri ilə hərəkət edir.

Onun sözlərinə görə, sözügedən fərmanın imzalanmasının hansısa mövqedən yozulması hüquqi cəhətdən düzgün olmaya da bilər. Amma fərmanın gec imzalanması bu işdə müəyyən şübhələrin olmaması üçün prosedur qaydalarına ciddi riayət edildiyini göstərir:

“Ola bilsin ki, Rusiya bu məsələdə vassalının üzərinə qoyduğu məsuliyyəti bölüşməmək üçün onu Rusiya vətəndaşlığından çıxarmaqla bir qədər tələsə bilər. Amma nə olursa olsun, bu şəxs çox məkrli niyyətlə və şübhəli şəkildə Azərbaycan torpağına gəlib. Üstəlik, Vardanyan bildirməlidir ki, hansı ölkənin vətəndaşlığını qəbul edib. Çünki Azərbaycan ərazisində olanlar separatçılardır, onlar Azərbaycan vətəndaşlığından imtina etdikdən sonra Ermənistan vətəndaşlığını alıblar. Bəs Vardanyan hansı ölkənin vətəndaşıdır?”

Q.Hüseynlinin sözlərinə görə, Vardanyanın Qarabağa gəlməsi və burada fitnəkar işlərlə məşğul olması, onun Azərbaycana qarşı kimlərinsə əlində alətə çevrildiyini ortaya çıxarır:

“Azərbaycan artıq dəqiq statistika aparıb. Yalnız Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsinə Qarabağda doğulmuş və orada böyümüş şəxslər gəlib-gedə və qeydiyyata düşə bilərlər. Vardanyan isə Qarabağda deyil, Ermənistanda doğulub və uzun müddətdir ki, Rusiya vətəndaşıdır. Onun Qarabağa başqlarının əlində alətə çevrildiyi dəqiqdir. Bunun Rusiyanın sifarişi ilə edildiyini söyləməyə haqqımız var. Amma Rusiya ən azından bu məsələdə hər şeyi dərindən ölçüb-biçməli idi. Ortada ciddi motiv yoxdursa, Vardanyan Rusiya vətəndaşlığından niyə çıxır? Başqa bir ölkənin də ona vətəndaşlıq verməsi kifayət qədər problemdir.

Qarabağın suverenliyi Azərbaycana məxsusdur. Orada insanları vətəndaşlığa qəbul etmək Azərbaycan dövlət orqanlarının yuxarı instansiyasında həll edilir. Bu nöqteyi- nəzərdən bu iş kifayət qədər qarışıqdır. Eyni zamanda, bu, Vardanyanın bir fitnəkar kimi bu ərazilərə gəldiyini bir daha isbatlayır”.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin imzaladığı 22 dekabr 2022-ci il tarixli 935 nömrəli “Rusiya Federasiyasının vətəndaşlığına qəbul və Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında” Fərmanla Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılıb.

Vardanyan Rusiya vətəndaşlığından imtinasını və Qarabağa köçməyini sentyabrın 1-i yaydığı videomüraciətdə açıqlayıb. O deyib ki, köçməyinə səbəb “Qarabağın təhlükəsizliyi və inkişafı üçün cəbhə yaratmaq qərarı”dır. O, “Forbes.ru”-ya müsahibəsində Ermənistan pasportunu keçən ilin iyununda aldığını və Qarabağa köçərək orada yaşayanlara dəstək olmaq istədiyini deyib.

Vardanyan çirkli pulların yuyulmasında ittiham olunur

Milyarderin adı daha çox çirkli pulların yuyulmasında hallanır. Belə ki, o, “Troyka Dialoq” investisiya bankını qurub. Bankın adı çirkli pulların yuyulmasında da hallanır. Belə ki, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) 2019-cu ildə yayımladığı hesabatda qeyd olunub ki, bank ofşor şirkətlər sistemi yaradaraq pulların gizli şəkildə Rusiyanın ən nüfuzlu adamlarına, prezident Vladimir Putinin dostlarına ötürülməsində iştirak edib. İddia olunub ki, az qala 9 milyard dollarlıq çirkli pulun yuyulması həyata keçirilib. Vardanyan “Troyka Dialoq” ətrafında səsləndirilən fikirləri təkzib edib və qanunsuz iş görmədiyini deyib.

Bank məlumatlarına görə, “Troyka Dialoq” bir-birinə bağlı ən azı 76 ofşor firmadan ibarət bütöv bir ekosistem yaradıb. Onların bəziləri Litvanın Ukio bankında Ermənistandan gələn mövsümi işçilərə hesab açıb. OCCRP-nin jurnalistləri bu insanları tapıblar və məlum olub ki, onlar çox pis vəziyyətdə yaşayırlar və “hesablarından” nə qədər pul keçdiyi barədə heç bir məlumatları yoxdur.