BMT-dən qorxunc açıqlama: Ötən il hər saat beş qadın ailə üzvü tərəfindən öldürülüb

0
175

2021-ci ildə hər saat beşdən çox qadın və qız ailə üzvü tərəfindən öldürülüb.

Bu barədə BMT-nin femisidlə (femisid – cinsiyyətinə görə qadınların öldürülməsi – red.) bağlı yeni hesabatından aydın olub.

Sənədə əsasən, keçən il bütün dünyada qətlə yetirilən 81 100 qadının yarıdan çoxu – 45 000-i (56%-i) əri, sevgilisi və ya digər qohumu tərəfindən öldürülüb.

“BMT Qadınlar” qurumu və BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi rəqəmlərin son dərəcədə yüksək olduğunu, lakin cinsiyyətə görə qadın qətllərinin həqiqi sayının qeydə alındığndan daha çox olduğunu bəyan edib. 2021-ci ildə hər 10 ölümdən təxminən dördü kifayət qədər məlumat olmadığı üçün femisid hesab edilməyib.

Son 10 ildə femisidlə bağlı rəsmi məlumatlar çox dəyişməyib.

Keçən il qohumların əli ilə femisid ən çox Asiyada (17 800) baş verib. Bununla belə, araşdırma Afrikada qadın və qızların ailə üzvləri tərəfindən öldürülmə riskinin daha çox olduğunu göstərib. Ailədə cinsiyyətə əsaslanan adamöldürmə nisbəti Afrikada 100 000 qadına 2,5, Amerika qitəsində 1,4, Okeaniyada 1,2, Asiyada 0,8 və Avropada 0,6 nisbətində qiymətləndirilir.

Araşdırmaya görə, 2020-ci ildə koronavirus pandemiyasının başlaması ilə Şimali Amerika, Qərbi və Cənubi Avropada qadın qətllərinin sayında xeyli artım olub.