“Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin keçilməsi məsələsində Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü nəzərə almaq lazımdır”.
Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün razılaşmalar o cümlədən bu amil nəzərə alınmaqla qurulur.
Overçuk qeyd edib ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün birmənalı olaraq müsbətdir:
“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə hərəkət imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək”
Overçukun sözlərinə görə, bu qarşılıqlı hərəkət, ticari və humanitar əlaqələrin inkişafı və nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlamağa imkan verəcək.
“Biz bunun baş verməsi üçün çalışırıq”, – deyə rusiya Baş nazirinin müavini sözlərinə əlavə edib.