Qlobal mineral gübrə bazarında qiymət artımı Rusiya-Ukrayna münaqişəsinin mənfi nəticələrindən biri olmaqla qlobal ərzaq təhlükəsizliyi üçün risklərin artmasına səbəb olub.
Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Report”a hazırda gübrə bazarında baş verən dəyişikliklərin Azərbaycana təsirindən danışıb.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında maya dəyərini formalaşdıran əsas məsələrdən biri, əsas seqmentlərdən biri də gübrədir:
“Respublikamızın əkinçilik zonalarında torpaqların münbitliyi olduqca aşağı olduğuna görə mineral gübrələrin verilməsi olduqca vacibdir. Mineral gübrələr verilməsə torpaqdan yüksək məhsuldarlığın götürülməsi mümkün deyil. Lakin bu gün dünya bazarında mineral gübrələrin (fosfor, kalium) qiymətinin artması, respublikada istehsal edilən aqrar məshulların maya dəyərini artırır. Bu isə sonda istehsalçıların çox ciddi problemlərlə üzləşməsinə, maddi sıxıntılarına səbəb olur. Bəzi fermerlər isə bitki təminatına uyğun mineral gübrə verə bilmir. Bu isə ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının istər keyfiyyət, istərsə də məhsuldarlığına ciddi təsir edə bilər”.
O əlavə edib ki, hazırda respublika üzrə taxılın məhsuldarlığı hər hektar üçün 30-35 sentner təşkil edir, bunun isə əsas səbəbi mineral gübrələrlə bağlıdır:
“Son bir neçə il ərzində mineral gübrələrin qiymətinin bir neçə dəfə artması fermerlərin bu gübrələri daha ehtiyatla istifadə etməsinə səbəb olub. Ölkədə torpaqlarda mikrobioloji proseslər olduqca aşağıdır. Belə olan halda mineral gübrələdən bol istifadə edilməlidir”.
Karbamid zavodu ölkədə dünya bazarlarından aşağı qiymətə gübrə təklif edir
Ekspertin sözlərinə görə, bizim üçün ən böyük üstünlüklərdən biri ölkədə fəaliyyət göstərən karbamid zavodunun dünya bazarlarından aşağı qiymətə məhsul təklif etməsidir:
“Bu, aqrar sahənin azot gübrəsinə olan tələbatını ödənilməsində böyük dəstək göstərir. İdxalın azalmasında mühüm rol oynayır”.
O vurğulayıb ki, respublikada ərzaqlıq taxıl istehsalı hər bir ölkə üçün prioritet məsələdir, hər bir ölkənin ərzaq təhlükəsizliyində prioritet kəsb edir:
“Hər hektardan 45-50 sentner məhsuldarlığa nail olmaq üçün 1 hektara 200 kq amafoz və ya 300 kq nitrofoska verilməlidir. Bugünkü qiymətlərlə istehsalçıların bir qisiminin bu gübrələri vermək imkanları yoxdur. Dövlət tərəfindən gübrələrlə bağlı böyük dəstək göstərilir. Ancaq mineral gübrələrin qısa müddətdə qiymətlərinin 2-3 dəfə artması istehsalçıların təminatı baxımından sıxıntılar yaradır”.
Xatırladaq ki, Rusiya və Belarus qlobal gübrə bazarında əsas oyunçulardır. Rusiya Federal Gömrük Xidmətinin hesablamalarına görə, 2021-ci ildə Rusiya ümumilikdə 37,6 milyon ton gübrə, o cümlədən 14,5 milyon ton azot, 11,9 milyon ton kalium və 11,2 milyon ton kompleks gübrə, ümumilikdə 12,5 milyard ABŞ dolları dəyərində gübrə ixrac edib. Rusiya mineral gübrələrin təxminən 20%-ni qlobal bazara çatdırır, ilk növbədə Avropa İttifaqı və Latın Amerikasına.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycana 131 min 098 ton gübrə idxal edilib. Bu həcm 2020-ci illə müqayisədə 2,6 dəfə azdır.
2022-ci ilin 8 ayında isə ölkəyə 52 min 902 ton gübrə idxal edilib, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır.