“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

0
182

Bu gün – 20 sentyabr Azərbaycanda Neftçilər Günü qeyd olunur. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və dünyanın aparıcı neft şirkətləri arasında imzalanmış “Əsrin müqaviləsi”ndən 28 il ötür.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdəndir.

Qeyd edək ki, “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb, hasilat 5,6 dəfə artıb. 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulub. Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur. Hazırda bu kəmərlə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı ötürülür.