Taninmiş şair Vaqif Nəcəfzadənin arxivindən….

0
401

Aldatdı məni!

Baxan kimi o qara gözlərinə,
Çaldı ürəyimi, girdi qəlbimə.
Mən illər uzunu sadiq eşqimə,
O, illər uzunu aldatdı məni.

Ona məftun oldum, ona vuruldum,
Onu Leyli sandım, mən Məcnun oldum,
Sevən aşiq idim dönüb qul oldum,
O, illər uzunu aldatdı məni.

İlləri yolunda qurban eylədim,
Onun hər sözünə mən “can” söylədim,
O, nə istədisə “baş üstə” dedim,
O, illər uzunu aldatdı məni.

Qarşıma çıxanda mələk sanmışam,
Çox sevmişəm, hər kəsə qısqanmışam,
Demə bu illəri mən aldanmışam,
O, illər uzunu aldatdı məni.

Cəngə düşdüm itdi sonda dincliyim,
Hədər keçdi cavanlığım, gəncliyim,
Tapdalandı adım, sanım, mənliyim,
O, illər uzunu aldatdı məni.

Biz qoşa yaşadıq illər dolandı,
Başımda tac idi evimdə xandı,
Pozdu əhdi, pozdu verdiyi andı,
O, illər uzunu aldatdı məni.

Mən bunu biləndə artıq gec idi,
Yaşa dolmuş idik həyat heç idi,
Məni sevmədiyin o indi dedi,
O, illər uzunu aldatdı məni.

Gözümdə puç oldu ömrün illəri,
Yaşatdım özümlə şeytanı, şəri,
Vaqıfin bunlardan yox idi xəbəri,
O, illər uzunu aldatdı məni.
Aldatdı məni!

2017

Vaqif Nəcəfzadə

Leylim olmadın

Sənə Leylim dedim, özüm Məcnunam,
Odlandım eşqindən, Leylim olmadın.
Oynadın hissimlə, məhəbbətimlə,
Mən Kərəm tək yandım, Əslim olmadın.

Bahar yağışı tək yağdı göz yaşım,
Bahara vurğunam, sənə vurğunam.
Dalınca süründüm, qarışdı başım,
Gördüm bu yollarda təkəm, yorğunam.

Günlər aya döndü, aylar il oldu,
Səndən “hə” cavabın ala bilmədim.
İsdədim unudum, dönüm yolumdan,
Ancaq başqa yolda qala bilmədim.

Çağırdım hayıma, hay vermədin sən,
Döndüm bir heykələ mən yolun üstə.
Mən sevdim, sevgimə pay vermədin sən,
Bir arzum var, ölüm mən qolunun üstə.

Sentyabr 2000

Vaqif Nəcəfzadə

Eşqimi qopartdın əlində soldu

Hər gün görüşünə gələrəm dedin,
Əbədi qədrini bilərəm dedin,
Mən sənsiz yaşamaz, ölərəm dedin,
Yalanmış!

Hər sözüm səninçün əzizdir dedin,
Sevgimiz sulardan təmizdir dedin,
Ömrünə silinməz bir izdir dedin,
Yalanmış!

Sən mənim günəşim, ayımsan dedin,
Sən mənim tanrıdan payımsan dedin,
Sən mənim babımsan, tayımsan dedin,
Yalanmış!

Hər zaman yanında mən varam dedin,
Sənin əsirinəm, qurbanam dedin,
Sən mənim sevgilim, mən yaram dedin,
Yalanmış!

Dedin bu sözlərin xatirə oldu,
Eşqimi qopartdın əlində soldu.

1976

Vaqif Nəcəfzadə

Qayıt evinə gülüm

Taleyimə, ömrümə, adını yazanımsan,
Ürəyimi gözümdən, oxuyan, yozanımsan,
Sən gözümün işığı, ürəyimsən, canımsan,
Qayıt evinə gülüm.

Sənə gülüm deyirəm, qopartma dəst eyləmə,
Tapdalama eşqimi, eşqi şikəst eyləmə,
Sənsiz yaşamaram mən, ömrümə qəst eyləmə,
Qayıt evinə gülüm.

Yollarına çıxıram, yolun məndən gen düşüb,
Baharıma qış gəlib, həyatıma çən düşüb,
Səni axtarıram mən, saçlarıma dən düşüb,
Qayıt evinə gülüm.

Sən arzumun zirvəsi, sonsuzmu bu həsrətin,
Gecələr yatanmıram çəkib hicran zillətin,
Getməyin əzab verir mənə çətindən, çətin,
Qayıt evinə gülüm.

Cingiltili gülüşün, hələdə qulağımda,
Dodağının dadını duyuram dodağımda,
Göz yaşları iz salıb, hər axşam yanağımda,
Qayıt evinə gülüm.

Divarlarda soyuqdur, otaqlarım qaranlıq,
Daş salıb qəlbimdən, hər yan mənə dumanlıq,
Əvvəl sevdin, sonrada etdin mənə yamanlıq,
Qayıt evinə gülüm.

Baxıram toy lentinə onda mənnən qoşaydın,
Qolun mənim qolumda, mənnən sən baş-başaydın,
Nədən belə dönmüsən, niyə məndən usandın,
Qayıt evinə gülüm.

Necə qıydın ocağın, yanmır küllənib qalıb,
Bulaqdan gətirdiyin, sular lillənib qalıb,
Sən getdiyin yollara gözüm zillənib qalıb,
Qayıt evinə gülüm.
Qayıt evinə gülüm.

2003

Vaqif Nəcəfzadə

Axtardığım bir incimi tapmışam

İtirdiyim bir incimi tapmışam…

Bulaqlardan axan su tək təmizdir,
Dünən yaddır, bu gün mənə əzizdir,
Bu ömrümdə bir yazıdır, bir izdir.
Axtardığım bir incimi tapmışam,
Mən ömrümə sevincimi tapmışam.

Yerişinə, duruşuna vururldum,
Mən gözünə, mən qaşına vuruldum,
Küsməyinə, savaşına vuruldum.
Onu tapdım, mən dincimi tapmışam,
Mən ömrümə sevincimi tapmışam.

Sevdiyimi dostlarıma açıram,
Arzuların qanadında uçuram,
O gəlməmiş görüşünə qaçıram.
Məni sevən bir incimi tapmışam,
Mən ömrümə sevincimi tapmışam,
İtirdiyim bir incimi tapmışam,

Avqust 2003

Vaqif Nəcəfzadə