Fransada sabiq naziri və arvadını tualetə salıb brilyantları oğurladılar

0
576

Naməlum şəxslər Fransanın sabiq İqtisadiyyat naziri Terri Bretonun Parisdə yerləşən mənzilinə basqın ediblər.

RİA Novosti”nin “France info”ya istinadən yaydığı xəbərə görə, qarətçilər naziri arvadı ilə birgə tualetə salıb və qapını arxadan bağlayıblar.

Mənzildən 55 min avro dəyərində əşya oğurlanıb. Hadisə iyulun 20-dən 21-nə keçən gecə baş verib.

Qara geyimdə olan iki naməlum şəxs onların mənzilinə hücum edən zaman cütlük yatıbmış. Oğrular keçmiş naziri və arvadını döyüb, onları tapança ilə hədələyərək zinət əşyaları saxlanan seyfi açmalarını tələb ediblər.

Zinət əşyalarını ələ keçirən qarətçilər ərlə arvadı tualetə salaraq, qapını arxadan bağlayıblar. Mənzildəki digər qiymətli əşyaları götürəndən sonra oğrular evi tərk ediblər. Oğurlanan əşyalar arasında qızıl külçə və brilyant daşlarla bəzədilmiş qolbağ da olub.

Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, nazirin başına gələn ilk oğurluq hadisəsi deyil. Cari ilin mayında özlərini zərgərlik məmulatları üzrə ekspert kimi təqdim edən şəxslər onun arvadını aldadaraq, 45 milyon avroluq almazını oğurlamışdılar.