UEFA hakimlərdən oyunçuların simulyasiyalarına, kütləvi davalara və hakimlərə təzyiq cəhdlərinə daha sərt reaksiya vermələrini tələb edəcək.
Bu barədə UEFA-nın mətbuat xidmətinin rəsmi saytında 2022/2023-cü il mövsümünün avrokubok oyunlarını idarə edəcək hakimlərə illik mesajda vurğulanıb.
“Biz oyunda belə bir şey görmək istəmirik və futbolun imicini qorumaqda qərarlıyıq. Meydanda və skamyalarda müəyyən davranış qaydalarını yolverilməz hesab edirik. Bir oyunçu başqa bir oyunçunu cəzalandırmaq istəsə, bu, futbola qarşı ədalətsizlikdir. Bununla oyunçular həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirir”, – deyə mesajda bildirilir.
Simulyasiya ilə hakimləri aldatmağa çalışan və ya yüngül qayda pozuntularına həddindən artıq reaksiya verən oyunçular cəzalandırılmalıdır. Bundan əlavə, hakimləri aldatmaq və bununla da rəqib oyunçulara qırmızı və ya sarı vərəqə aldırmaq istəyən oyunçulara qarşı sərt sanksiyalar tətbiq edilməlidir.
“Bu səviyyəli matçlarda oyunun gedişatını dəyişən xüsusi, əsas məqamlar var ki, bunlar bir neçə saniyə ərzində baş verə bilər. Hakimlərin belə vəziyyətlərdə oyunu “oxuya” bilməsi və matçın ruhunu başa düşməsi son dərəcə vacibdir”, – deyə UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettinin açıqlamasında qeyd edilir.