Diaspor könüllüləri Şuşaya yola düşüblər – FOTO

0
185

Sentyabrın 3-də Azərbaycan Diaspor Könüllülərinin mədəniyyət paytaxtımız Şuşaya səfəri təşkil edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 50 könüllü və Komitə əməkdaşları iştirak edir. 

Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, Xan qızı bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidləri və digər görməli yerlərin ziyarəti daxildir. Diaspor könüllüləri postmüharibə dövründə mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar.

“Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, səfərin əsas məqsədi gənclərin işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə də Şuşa şəhərində vaxtilə ermənilərin törətdikləri dağıntı və vandalizm aktlarını görmələridir. Səfər zamanı könüllülər sosial şəbəkələr vasitəsilə insani dəyərlərə zidd olan bu vəhşiliklərə diqqəti cəlb etmək niyyətindədirlər.