“Gündən-günə qələbəyə daha da yaxınlaşırıq” – Oxu.Az-ın Rovno meri ilə MÜSAHİBƏSİ

0
304

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bu yana ölkənin qərb bölgələrinə qaçqın axını baş verib ki, onların da çoxu Avropaya köçüb. Lakin Ukraynanın qərbində hələ də qalan məcburi köçkünlər də var. Bununla belə, ilk günlərdə Ukraynanın qərbi, məsələn, Rovno şəhəri və Rovno vilayəti Rusiya ordusunun aktiv raket zərbələrinə məruz qalmamışdı. Lakin tezliklə vəziyyət dəyişdi və Rovno vilayətində hərbi poliqonlar, neft anbarları və televiziya qülləsi bombalandı.

– Qaçqın və miqrantların böyük axını Rovnodan keçir. Bəs Rovno sakinləri özləri şəhərdə qalırlar, yoxsa başqa bölgələrə köçürlər? Vətəndaşlar ən çox hara getməyə çalışırlar və bu çətin dövrdə Ukraynanı tərk etməyə qərar verənlərə hansı tövsiyələri verə bilərsiniz?

– Şəhər əhalisinin böyük əksəriyyəti şəhəri tərk etmədi. İnsanlar işləyir, uşaqlara qulluq edir, şəhərin qonaqlarına və könüllülərə kömək edirlər. Bu vəziyyət məni müsbət yöndə təəccübləndirdi. Rovnoda hər kəs öz yerini tapıb və qələbəni bizə yaxınlaşdırmağa kömək üçün bacardığını etməyə hazırdır.

Ölkəni tərk etmək məcburiyyətində qalan ukraynalılara da mən öz dəstəyimi bildirmək istəyirəm! Bilirəm ki, ürəyiniz və ruhunuz qohumlarınız, evləriniz, tanışlarla adi görüşləriniz, onlarla ünsiyyət üçün necə darıxır. Amma harada olursunuzsa olun, unutmayın ki, siz dövlətimizin səfirlərisiniz! Susmayın, dünyaya dərdimizdən, ehtiyaclarımızdan, mədəniyyətimizdən, tariximizdən danışın! Könüllü olun, humanitar yardım toplayın, xəstələrin daşınmasını təşkil edin. Nəhayət, sizə yer verən ev sahibinə küçəni təmizləmək və ya şam yeməyi bişirmək üçün kömək edin. Unutmayın, siz Ukraynanın – doğma şəhərinizin siması hesab olunursunuz. Azacıq da dözün –  siz evinizə qayıda biləcəksiniz!

– Regionunuza çoxlu humanitar yardım gəlir, indi ən çox nəyə ehtiyacınız olduğunu deyə bilərsinizmi? Axı hər bir ölkə özünəməxsus şəkildə humanitar yardım yönündə faydalı ola bilər.

– Mən ilk növbədə ukraynalılara yardım toplamaqda köməklik göstərən hər bir ölkənin, o cümlədən Azərbaycanın sakinlərinə təşəkkür etmək istəyirəm. Qida məhsulları, ilk yardım üçün zəruri vasitələr, dərmanlar, paltarlar, məişət texnikası – bütün bunlar vacibdir. Yük maşınlarını yükləyən, informasiya ötürən, ən lazımlı əşyaların axtarışında köməklik edən hər kəsə təşəkkür edirəm!

Gücünüzü, sevginizi, üzüntünüzü və dəstəyinizi hiss edirik. Bu, bizi işğalçıya qarşı mübarizədə birləşdirir. Biz istənilən yardımı minnətdarlıqla qəbul edirik, çünki hər gün daha çox insan bizdən yemək, paltar, dərman istəyir.

Biz həmçinin hərbçilərin tələbatını da ödəməliyik – onlar yüksək keyfiyyətli ilk yardım çantaları, etibarlı mühafizə, müasir rabitə vasitələri ilə təmin edilməlidir. Bunlar bizim daim ehtiyac duyduğumuz şeylərdir, ona görə də imkanı və arzusu olan hər kəsi bizə kömək etməyə dəvət edirəm! Bizim ümumi işimiz bizi gündən-günə ümumi qələbəmizə daha da yaxınlaşdırır!