Gürcüstanda tapılmış qalıqların azərbaycanlı repressiya qurbanına məxsusluğu araşdırılır

0
302

Gürcüstanın Batumi şəhəri yaxınlığında yerləşən Xelvaçauri rayonunda yeni aşkarlanmış kütləvi məzarlıqdakı 29 nəfərin qalıqlarının identifikasiyası aparılacaq.

Azərbaycanlı repressiya qurbanı Ələkbərov Hüseyn Ələkbər oğlunun da qalıqlarının bu məzarlığa aid olduğu ehtimal edilir.

Belə ki, 15 mart 1938-ci il tarixli aktda barəsində güllələnmə qərarı çıxarılmış insanların sayı da məhz 29 təşkil edir. H.Ələkbərov siyahıda beşinci yerdədir.

Məzarıqla bağlı bir məqam identifikasiya prosesini sürətləndirə bilər. Belə ki, güllələnənlər arasında 1908-ci il təvəllüdlü Mira Mancqaladze (Popova) adlı bir qadın da var. 30 yaşında güllələnmiş qadının qalıqları identifikasiya olunarsa, azərbaycanlı repressiya qurbanı da daxil olmaqla digərlərinin də adları və güllələnmə tarixi 100 % dəqiqliklə təsdiqlənəcək.

Kütləvi məzarlıqda insan sümükləri ilə yanaşı, sovet dövrünə aid qəpik pullar, düymələr, butılkalar, ayaqqabı və geyim fraqmentləri də aşkarlanıb.

Arxiv sənədlərə əsasən, 1937-1938-ci illərdə Acarıstanda müxtəlif cəza tədbirləri nəticəsində 11-i qadın olmaqla 1 050 nəfər güllələnib.