Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumqoşun təlim mərkəzlərində keçirilən dərslərdə bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutublar.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla, müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən dərslərdə bölmələr digər qoşun növləri ilə qarşılıqlı əlaqədə yerdəyişmə tapşırıqlarını icra edir.
Məşğələlərdə əsas diqqət heyətlərin zirehli texnikaları çətin keçilən ərazilərdə idarə etməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərinin yüksəldilməsinə, o cümlədən müxtəlif manevrlər etməklə atış çalışmaları yerinə yetirməsinə yönəldilir.
Həmçinin komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsi, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişləri inkişaf etdirilir.