Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.
Vəkillər çıxışlarında müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Məharət Mustafayevin vəkili məhkəmədən hökm qəbul edərkən müvəkkilinin Gəncədə görülən işlərdə mühüm rolu olduğunu, həmçinin xəstəliyinin nəzərə alınmasını xahiş edib.
Təqsirləndirilən şəxslər də son sözlərində məhkəmədən bəraət istəyiblər.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Məharət Musayev və Əli Rüstəmov dörd il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirli bilinərək barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Razin Qəhrəmanov isə 10 min manat cərimə edilib.
Qeyd edək ki, prokuror Məharət Mustafayev və Əli Məmmədova altı il, Razin Qəhrəmanova isə beş il həbs cəzası istəmişdi.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə yekun ittiham verilib.