Çin-Avropa marşrutunun Azərbaycan üzrə nəqliyyat bağlantısı gücləndirilir – FOTO

0
348

İkinci Çin-Avropa marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə Bakı-Türkmənbaşı-Bakı istiqamətində 2022-ci ildən etibarən iki gəmi fəaliyyət göstərəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi olan “ADY Konteyner” MMC-dən verilən məlumata əsasən, “Şair Sabir” və “Mahmud Rəhimov” gəmiləri Bakı-Türkmənbaşı-Bakı istiqamətində konteynerlərin daşınmasını həyata keçirəcək.

Gəmilərin sayı ilə yanaşı, həftəlik reyslərin də sayı hava şəraitindən asılı olaraq 2 dəfəyə çatdırılacaq. Qeyd olunan limanlar arasında ilk gəmi 2019-cu ilin aprel ayında fəaliyyətə başlayıb. Bugünədək marşrut üzrə hər iki istiqamətdə 20 futluq ifadədə 17 500 konteyner daşınıb.

2021-ci ilin dekabr ayında marşruta Türkiyə də qoşulub. Hazırda marşrut üzrə konteyner yükləri  Türkiyədən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə, həmçinin Gürcüstanın Poti və Batumi limanlarından Özbəkistana, Türkmənistana, Qırğızıstana və əks istiqamətdə daşınır.

Marşrut üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 101 faiz artıb. Marşrut üzrə ən yaxşı göstərici 2021-ci ilin mayında əldə edilib. Belə ki, Türkiyənin İzmir şəhərindən Qırğızıstanın Oş şəhərinə konteynerlər 18 günə çatdırılıb. Operatorların məqsədi bu istiqamət üzrə yükdaşıma müddətini 12 günədək azaltmaqdır.