“Bu, Təhsil problemlərinin dərinliyi və genişmiqyası milli təhlükəsizlik problemidir…”
“Məktəb proqramını 40 % mənimsəyən məzunlar kütləvi şəkildə tələbə olurlarsa, o halda onlar bakalavr proqramını neçə faiz mənimsəyərlər? Ən yaxşı halda 20 %…”
“Ölkədə heç bir univeritetdə beynəlxalq tələblər səviyyəsində keyfiyyətə təminat sistemi (KTS) qurulmayıb. Çünki, ETN özü heç bilmir bu nədir?..”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “4 minə yaxın magistratura yerinin boş qalması təhsil sisteminin böhranıdır…” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Milli insan kapitalının tənəzzülü haqqında illərlə verilən siqnalı ETN niyə eşitmir?..
Magistraturaya qəbulun nəticələrinə görə təxminən 4000 plan yerinin boş qalması adi statistika deyil. Bu fakt ali təhsil sisteminin vəziyyətini xarakterizə edən indikator və ölkənin təhsil siyasəti, insan kapitalı vəziyyətinə yönəli strateji xəbərdarlıqdır. Əgər bu göstərici təsadüfi deyil, son illərdə formalaşmış təhilidəki idarəetmə modelinin nəticəsidirsə, onda məsələ yalnız magistratura qəbulundan deyil, bütün təhsil sisteminin funksional səmərəliliyindən gedir…
Son illərdə orta təhsilin nəticələri də narahatedici mənzərə ortaya qoyulur. Dövlət İmtahan Mərkəzinin statistikası məktəb məzunlarının tədris proqramlarını təxminən 40 % səviyyəsində mənimsədiyini göstərir. Məktəb proqramını 40 % mənimsəyən məzunlar kütləvi şəkildə tələbə olurlarsa, o halda onlar bakalavr proqramını neçə faiz mənimsəyərlər? Ən yaxşı halda 20 %…
Əgər bakalavr hazırlığının nəticəsi kimi magistraturada 4 minə yaxın yer boş qalırsa, bu, ali təhsilin də, məktəb təhsili kimi ciddi keyfiyyət problemi yaşadığına işarə edir. Bu, təbiidir. Axı təhsil varislik prinsipi üzərində inkişaf edir. Belə zəif bakalavr və magistr hazırlığı olan ali təhsil sisteminin doktorantura təhsilinin keyfiyyətinin sıfıra yaxınlaşması da gözləniləndir. Bu, fərziyyə deyil, ali təhsil sisteminin durumuna verilən real qiymətdir. Bu həm də bir həyəcan siqnalıdır: ali təhsilimizin vəziyyəti (elə orta təhsilin də) çox bərbaddır…
Boş qalan yerlər yox, boş qalan potensial narahatlıq doğurur…
Əsas problem 4000 yerin boş qalması deyil. Problem budur ki, ölkənin elmi və akademik inkişafı üçün ayrılmış resurslardan istifadə edilmir. Dövlət sifarişi ilə maliyyələşdirilən magistratura yerlərinin dolmaması həm iqtisadi səmərəlilik, həm də insan kapitalının inkişafı baxımından ciddi suallar doğurur.
Magistratura ali təhsilin ən mühüm pillələrindən biridir. Burada gələcəyin alimləri, universitet müəllimləri, tədqiqatçıları və yüksək ixtisaslı mütəxəssisləri formalaşmalıdır. Əgər bu pilləyə kifayət qədər hazırlıqlı namizədlər daxil ola bilmirlərsə, problem təkcə qəbul prosesində deyil, ondan əvvəlki bütün təhsil mərhələlərində axtarılmalıdır.
Ali təhsil sisteminin struktur problemləri…
Ali təhsilin keyfiyyəti yalnız auditoriyada keçirilən dərslərlə müəyyən edilmir. O, bütöv ekosistemin məhsuludur. Bu ekosistemin əsas komponentləri – kurikulum, müəllim hazırlığı, elmi mühit, rəqəmsal infrastruktur, universitet idarəçiliyi, keyfiyyət təminatı sistemi, əmək bazarı ilə əlaqələrdən və.s. ibarətdir.
Bütün bunlar uzun illər ərzində sistemli şəkildə inkişaf etdirilməli olduğu halda (20 ildir Boloniya prosesinə guya qoşulmuşuq), bu işlər başlı başına buraxılıbdır. Ölkədə heç bir univeritetdə beynəlxalq tələblər səviyyəsində keyfiyyətə təminat sistemi (KTS) qurulmayıb. Çünki, ETN özü heç bilmir bu nədir? Ali təhsildə keyfiyyət standartlarının sayı minlərlədir. Hanı onlar? Kim yaratmalıdır bunları? ETN bu 20 ildə niyə yaratmadı bu standartları? Belə standartlar olmadan hansı keyfiyyətdən danışmaq olar?..
10 ildir bu məqsədlə ETN-nin nəzdində xüsusi agentlik (TKTA) yaradılıb, amma agentliyin bu sahədə işi ortada görünmür. Bu işi ənənəvi olaraq nazirliyin müvafiq şöbəsi daim edib, bundan ötrü yeni agentliyə nə ehtiyac var idi? Əgər agentlik yaradılıbsa, onda işi bilən adamları iş başına gətirib, bütün univeritetlərdə KTS yaratmaq lazımdır. Bu müddət ərzində agentliyin rəhbərliyində təhsildə keyfiyyət fəlsəfəsinə bələd olan şəxs görmədik. Qeyri-mütəxəssislər ali təhsildə hansı keyfiyyət modeli qura bilərdi? Ona görə də heç bir universitetimiz bu 20 ildə beynəlxalq akkreditasiyadan keçə bilməyib. Ayrı-ayrı universitetlərdə, bəzi ixtisaslar üzrə proqram akkreditasiyası olub, bu isə sadə bir işdir.
Əgər uzun müddət ərzində ölkənin ali təhsilinin inkişaf strategiyası yoxdursa, universitetlərin elmi potensialı zəifdirsə və maliyyələşmirsə, kurikulumlar müasir texnologiyaların, əmək bazarının tələblərinə uyğun yenilənmirsə, rəqəmsal transformasiya formal xarakter daşıyırsa, ölkədə distant təhsil imkanları illərlə qadağan edilibsə, universitetlərin idarə olunmasında akademik liderlik deyil, inzibati yanaşma üstünlük təşkil edirsə, ETN-də kadr siyasəti meritokratiya üzərində qurulmayıbsa, onda nəticələrin belə olması təbiidir…
Problemi yalnız qəbul sistemi ilə izah etmək düzgün deyil…
Son günlər bəziləri səhvən (yaxud diqqəti ETN-dən yayındırmaq üçün bilərəkdən) magistraturada boş qalan yerlərin əsas səbəbi kimi qəbul mexanizmini göstərir. Belə cəhdlər mürəkkəb sistem problem bir quruma yönəltməklə onu bəsitləşdirmək, beləliklə, günahkarı məsuliyyətdən azad etməkdir.
Əgər qiymətləndirmə mexanizmi obyektiv şəkildə minimal akademik tələbləri ölçürsə və kifayət qədər namizəd həmin minimal həddi keçə bilmirsə, bu, ilk növbədə hazırlıq səviyyəsi haqqında məlumat verir. Bu halda qiymətləndirmə nəticəsini problemin səbəbi kimi təqdim etmək metodoloji baxımdan ciddi səhvdir.
Qiymətləndirmə sistemi zəif hazırlığı gizlətməməli, əksinə, onu üzə çıxarmalıdır. Əks halda, keyfiyyət problemi sadəcə növbəti təhsil pilləsinə ötürülər. DİM-in fəaliyyəti məhz buna yönəlub və bu işi də o, keyfiyyətli icra edir (ETN-dən fərqli olaraq).
Hesabatlılıq və nəticəyönümlü idarəetmə…
Müasir dövlət idarəçiliyində ən vacib prinsiplərdən biri nəticələrə görə institusional hesabatlılıqdır. Təhsil sisteminə ayrılan böyük dövlət vəsaiti fonunda ortaya çıxan konkret sualların cavabı ictimaiyyət üçün aydın olmalıdır:
-Dövlət proqramlarının icra nəticələri hanı?
-Universitet məzunlarının real akademik hazırlıq səviyyəsi necə ölçülür?
-Dövlət sifarişi ilə hazırlanan mütəxəssislərin əmək bazarında uğur göstəriciləri nədir?
-Magistratura plan yerləri hansı elmi və iqtisadi proqnozlar əsasında müəyyən edilir?
-Təhsil islahatlarının səmərəliliyi hansı göstəricilərlə qiymətləndirilir?
Bu suallar sistemli və şəffaf cavab tələb edir. Amma ETN heç vaxt ictimaiyyətin yönləndirdiyi belə konkret suallara cavab verməyib. Ölkə rəhbərliyinin ictimai nəzarətin vacibliyi haqqında tələb bu quruma aid deyilmi?..
Ali təhsil yalnız təhsil məsələsi deyil…
XXI əsrdə universitetlər innovasiya, texnologiya, elmi tədqiqat və yüksək ixtisaslı insan kapitalı yaradan strateji institutlardır. Süni intellekt, rəqəmsal iqtisadiyyat və qlobal texnoloji rəqabət şəraitində universitetlərin zəifləməsi təkcə təhsil sektorunun problemi deyil. Bu, ölkənin iqtisadi rəqabət qabiliyyətinə, texnoloji müstəqilliyinə və milli təhlükəsizliyinə birbaşa təsir göstərən mühüm amildir.
Dünyanın inkişaf etmiş ölkələri universitetləri milli inkişaf strategiyalarının mərkəzinə qoyurlar. Çünki gələcəyin iqtisadi üstünlüyünü təbii sərvətlər deyil, bilik, tədqiqat və innovasiya müəyyən edir.
Simptomlarla deyil, səbəblərlə mübarizə aparmaq lazımdır…
Magistraturada minlərlə yerin boş qalması problemin kökü deyil. Bu fakt daha dərin struktur problemlərinin simptomudur. Bu göstərici ali təhsil sisteminin bütün zəncirinin – bakalavr hazırlığından universitetlərin akademik idarəçiliyinə, magistr proqramlarının keyfiyyətindən dövlət sifarişinin planlaşdırılmasına qədər – müstəqil, obyektiv və elmi əsaslarla qiymətləndirilməsini tələb edir.
Ən təhlükəli yanaşma mürəkkəb problemlərə sadə izahlar vermək və məsuliyyəti yalnız bir həlqənin (həm də işini daha yaxşı görən) üzərinə yönəltməkdir. Ali təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız faktlara əsaslanan təhlil, beynəlxalq müqayisələr, peşəkar müzakirələr və uzunmüddətli inkişaf strategiyası ilə mümkündür…
Əgər bu xəbərdarlıq siqnalları vaxtında düzgün qiymətləndirilməzsə, problem təkcə magistratura pilləsində qalmayacaq. Bu yaranan problem ölkənin elmi potensialına, innovasiya qabiliyyətinə və qlobal rəqabət imkanlarına uzunmüddətli dövrdə mənfi təsir göstərəcək.
Rəqəmsal transformasiya və süni intellekt dövründə ali təhsil artıq sosial xidmət sahəsi deyil. O, dövlətin strateji dayanıqlığını müəyyən edən əsas milli təhlükəsizlik institutlarından biridir. Bu səbəbdən ali təhsilin idarə olunması gündəlik inzibati qərarlarla deyil, elmi əsaslandırılmış siyasət, peşəkar idarəetmə və nəticəyönümlü məsuliyyət prinsipləri üzərində qurulmalıdır…




