Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti ilə bağlı qərar QÜVVƏDƏ SAXLANILDI

Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburqda həbs edilən bütün azərbaycanlıların həbs müddətini 19 oktyabra qədər qüvvədə saxladı.

Bu barədə regionun Vilayət Məhkəmələrinin Birgə Mətbuat Xidməti məlumat yayıb.

Bundan əvvəl Yekaterinburqun Verx-İsetsk Rayon Məhkəməsi təqsirləndirilən şəxslərin 19 oktyabr 2025-ci il tarixinədək həbsdə saxlanılması barədə qərar vermişdi.

“Sverdlovsk Vilayət Məhkəməsi Verx-İsetsk Rayon Məhkəməsinin qərarını mahiyyəti üzrə dəyişməz saxladı. K.Səfərov 19 oktyabra qədər həbsdə qalacaq. Eyni qərarla Ayaz Möhbalı oğlu Səfərov, Akif Möhbalı oğlu Səfərov və Məzahir Möhbalı oğlu Səfərovun həbsdə saxlanma müddəti də uzadılıb”, – deyə məlumatda qeyd olunur.

Yekaterinburqda (Rusiya) baş vermiş keçmiş illərin qətllərində ittiham olunan Əhliman Səttar oğlu Gənciyev və Bəkir Mehdi Səfərov həbsdə qalacaqlar.

Bu barədə Sverdlovsk Vilayət Məhkəmələrinin Birgə Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi hər iki şəxsin 19 oktyabr 2025-ci ilədək həbsdə saxlanılması barədə qərar vermişdi. Onların vəkilləri bu qərardan apellyasiya şikayəti versələr də, Sverdlovsk Vilayət Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, şikayəti isə təmin etməyib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və “Rosqvardiya” Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər “Rosqvardiya”nın idarəsinə aparılaraq onlara işgəncə verilib. Nəticədə, iki Azərbaycan vətəndaşı – Ziyəddin Səfərov və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər yaralanıb.