Yaxın Şərqdəki münaqişə köçəri quşların populyasiyasını təhdid edir – Mütəxəssisdən xəbərdarlıq

İran və Yaxın Şərq ölkələrindəki hərbi əməliyyatlar köçəri quşların populyasiyası üçün təhlükə yaradır.

Bunu Qətər Universitetinin tədqiqatçısı Möhsün Yafi “RIA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu quşlar qışı Fars körfəzi sahillərində keçirir, yazda isə Rusiya da daxil olmaqla soyuq ölkələrə qayıdırlar. Hərbi təyyarələrin uçuşları, raket buraxılışları və bombardmanlar səbəbindən quşlar İran üzərindən keçən adi marşrutdan imtina edə bilərlər.

Ekoloq qeyd edib ki, marşrutun dəyişməsi bəzən ölümcül nəticələrə gətirib çıxarır, çünki yolun uzanması quşların taqətdən düşməsinə səbəb ola bilər. O əlavə edib ki, müharibə nəticəsində zəhərli maddələr Fars körfəzinə, Ərəb dənizinə və Hörmüz boğazına düşür, partlayışların səsi və uçuşlar isə heyvanlar aləminə mənfi təsir göstərir.