“Əndəlüsdən Bağdada: yəhudilər müsəlmanlarla necə birgə yaşadılar?..”
“Sionizm nəyi dəyişdi: əsrlərin qonşuluğu necə siyasi qarşıdurmaya çevrildi?..”
“Bağdadın faciəsi: minillik yəhudi icması niyə yox oldu?..”
“Məhəmməd Peyğəmbər və gözlənilən peyğəmbər: dini rəqabət qısqanclığa çevrilmişdimi?..”
“İran İslam Respublikasının və İsrail dövlətinin xüsusən hazırkı Benyamin Netanyahu kimi liderlərinin sonda məntiqsiz siyasət yürütdüyü ortalıqda olan D.Trampın liderlik etdiyi ABŞ-ın da qatıldığı, bu gün də səngiməyən açıq silahlı savaşa gətirib çıxaran qarşılıqlı düşmənçilik ritorikası da yəhudi və müsəlmanların bir-birinə qarşı nifrətinin artmasında böyük rol oynadı…”
“Xalqları kim ayırdı: din, millətçilik, sionizm, yoxsa Yaxın Şərq siyasəti?..”
Yəhudilərlə müsəlmanların münasibətlərindən söhbət düşəndə bu gün gözümüzün qarşısında ilk növbədə İsrail-Fələstin münaqişəsi canlanır. Halbuki tarix bundan qat-qat qədimdir. Bağdad, Qahirə, Mərakeş, Səna, Dəməşq, Əndəlüs… Bu şəhərlərdə yəhudilər əsrlərlə müsəlmanlarla eyni küçələrdə yaşayıb, eyni bazarlarda alver edib, eyni dillərdə danışıb, bəzən eyni mədəniyyətin daşıyıcısına çevriliblər.
Bəs nə oldu ki, bir vaxtlar ərəb dilində yazan, ərəb musiqisi yaradan, müsəlman hökmdarlarının saraylarında çalışan yəhudilər sonradan ərəb dünyasının böyük hissəsindən demək olar ki, tamamilə yox oldular?
“Əl-Cəzirə”nin “Deja Vu” proqramında ravvin Haim Sofer bu sualı başqa cür qoyur: Yəhudilik sionizmsiz mövcud ola bilərmi? “Neturei Karta” hərəkatının nümayəndəsi olan Soferin fikrincə, yəhudi kimliyini mütləq şəkildə milli dövlət ideyası ilə eyniləşdirmək tarixi və dini baxımdan düzgün deyil. “Əl-Cəzirə” də verilişin mövzusunu məhz belə müəyyənləşdirir: əsrlərlə müsəlmanlarla yanaşı yaşayan yəhudiləri sionizm parçaladımı?
Moderator.az bu və digər mənbələrə istinadla bir sıra tarixi və çağdaş faktları ortalığa qoyaraq dəyərli oxucuları eyni sual üzərində düşünməyə dəvət edir.
Bu cür obyektiv araşdırmalar xüsusilə son illər və aylar İsrail+ABŞ-İran siyasi və hərbi qarşıdurmaları fonunda Türkiyə ilə İsrail rəhbərlikləri arasında münasibətlərin son həddə qədər gərginləşdiyi, Azərbaycanda isə istər əsrlərlə bu torpaqlarda yaşayan yəhudilərin, istərsə də İsrail və dünyanın digər guşələrindən gəlib-gedən eyni xalq nümayəndələrinin milli və dini zəmində heç bir sıxıntı, problemlə qarşılaşmadıqları halda İsrailin hansısa hakim, siyasi dairələrinin, yaxud digər bir ölkə xüsusi xidmət orqanlarının sifarişi ilə bir neçə yəhudi iş və siyasət adamının xalqımıza, dövlətimizə qarşı təhqiramiz ifadələr işlətdiyi, lakin xalqımızın yenə də buna dözümlü yanaşdığı bir məqamda çox vacibdir…
Amma sözügedən sualın cavabı isə “hə” və ya “yox” qədər sadə deyil.
Əndəlüsdən Bağdada qədər…
ABŞ Holokost Memorial Muzeyinin məlumatlarına görə, II Dünya müharibəsi ərəfəsində təkcə Şimali Afrikada təxminən 500 min yəhudi yaşayırdı. Mərakeş, Əlcəzair, Tunis və Liviyada yəhudilər əsrlər boyu müsəlmanlarla yanaşı yaşayırdılar. Mərakeşdə “mellah”, digər bölgələrdə “hara” adlanan yəhudi məhəllələri müsəlman məhəllələrindən tamamilə qopmuş qapalı dünyalar deyildi. Əksinə, gündəlik həyat, dil, ticarət və mədəniyyət bir-birinə qarışırdı.
Şimali Afrika yəhudilərinin böyük hissəsi ərəb və ya bərbər dillərində danışırdı. Bəzi bölgələrdə müsəlmanlarla eyni musiqi ənənələrini bölüşür, hətta ərəb-Əndəlüs musiqisinin inkişafında iştirak edirdilər. Yəni “yəhudilər ərəb dünyasında yad ünsür idilər” tezisi tarixi mənzərəyə uyğun gəlmir…
Osmanlı qapıları Avropadan qovulan yəhudilərin üzünə açıldı…
Yəhudilərlə müsəlmanların birgəyaşayış tarixinin mühüm səhifələrindən biri də XV əsrin sonlarında Avropadan qovulan Sefarad yəhudilərinin Osmanlı torpaqlarına sığınmasıdır. 1492-ci ildə İspaniyadan qovulan yəhudilərin böyük hissəsi Aralıq dənizinin müxtəlif ölkələrinə üz tutdu və onların mühüm bir qismi Osmanlı imperiyasına köçərək İstanbul, Saloniki, Ədirnə və İzmir kimi şəhərlərdə yeni icmalar yaratdı. Osmanlı ərazisində Sefarad yəhudilərinin məskunlaşması o qədər geniş vüsət aldı ki, Saloniki sonrakı əsrlərdə Avropanın ən mühüm yəhudi mərkəzlərindən birinə çevrildi və yəhudilər imperiyanın ticarət, sənətkarlıq, maliyyə və mədəni həyatında mühüm rol oynadılar. Bu hadisə göstərir ki, yəhudi tarixini yalnız Avropadakı təqiblər və sonrakı sionist hərəkat kontekstində deyil, müsəlman idarəçiliyi altında yəhudi icmalarının sığınacaq tapdığı və yeni sosial-mədəni həyat qurduğu tarixi mərhələlər nəzərə alınmaqla da qiymətləndirmək lazımdır…
Amma digər ifrat yanaşma da doğru deyil. İslam dünyasında yəhudilər hər zaman tam bərabərhüquqlu vətəndaş statusunda olmayıb, ayrı-ayrı dövrlərdə diskriminasiya və zorakılıqla üzləşiblər. Deməli, keçmişi “minilliklər boyu ideal yəhudi-müsəlman harmoniyası” kimi romantikləşdirmək də yanlışdır…
Lakin əsas məsələ budur: bütün bu problemlərə baxmayaraq, yəhudi icmaları ərəb-islam dünyasının sosial və mədəni həyatının ayrılmaz hissəsi kimi əsrlərlə mövcud oldular…
XX əsrin ortalarında isə bu mənzərə sürətlə dəyişdi.
Sionizm nəyi dəyişdirdi?..
XIX əsrin sonlarında Avropada siyasi sionizm meydana çıxanda yəhudi məsələsinə yeni cavab təklif olunurdu: yəhudilər sadəcə dini icma deyil, öz milli dövlətinə malik xalq kimi qəbul edilməlidir.
Avropa antisemitizmi, Rusiyadakı poqromlar və nəhayət Holokost bu ideyanın tərəfdarlarının arqumentlərini daha da gücləndirdi. Yəhudilər üçün təhlükəsiz siyasi məkan yaratmaq ideyası artıq milyonlarla insanın faciəsindən sonra tamam başqa məna qazanmışdı. 1948-ci ildə İsrail dövlətinin yaranması isə yalnız Fələstin coğrafiyasının deyil, bütün Yaxın Şərqin siyasi xəritəsini dəyişdirdi…
Ərəb ölkələrində yaşayan yəhudilər birdən-birə yeni dilemma qarşısında qaldılar: onlar əsrlərlə yaşadıqları Bağdadın, Qahirənin, Mərakeşin yəhudiləri idilər, yoxsa yeni yaranmış İsrail dövlətinin potensial vətəndaşları?..
Əslində, məsələ bundan da mürəkkəb idi. Ərəb millətçiliyi yüksəlirdi, İsrail-ərəb müharibələri başlayırdı və bir çox ərəb hökumətləri yəhudi icmalarına artıq yalnız dini azlıq kimi yox, siyasi münaqişənin mümkün tərəfi kimi baxmağa başlayırdı.
Beləcə, yəhudi ilə sionist, yəhudi dini ilə İsrail dövləti arasında əvvəllər mövcud olmayan siyasi assosiasiya getdikcə gücləndi.
Bağdadın faciəsi…
Bunun ən ağrılı nümunəsi İraqdır. 1941-ci ilin iyunun 1-2-də Bağdadda “Farhud” kimi tanınan qırğında yəhudilər öldürüldü, yüzlərlə insan yaralandı, çoxsaylı ev və biznes dağıdıldı. Hadisə İraqdakı yəhudi icması üçün ciddi dönüş nöqtəsi oldu.
Amma vacib məqam budur: Farhud talanları İsrail dövləti yaranmazdan əvvəl – 1941-ci ildə baş vermişdi… Deməli, bütün ərəb-yəhudi düşmənçiliyini sionizmin nəticəsi kimi göstərmək tarixi saxtalaşdırmaq olardı…
Lakin 1948-dən sonra İraq yəhudilərinin vəziyyəti daha da pisləşdi…
1950-51-ci illərdə Bağdadda yəhudilərin getdiyi obyektlərə və sinaqoqa bir sıra bombalı hücumlar edildi. Hücumların təşkilatçıları barədə isə bu günədək ciddi mübahisə qalır. İraq hakimiyyəti sionist yeraltı təşkilatın üzvlərini həbs etdi və iki yəhudi – Yusif Basri və Şalom Saleh Şalom – edam edildi. Lakin sonrakı tarixşünaslıq bu işin nə dərəcədə sübut olunduğunu, etirafların hansı şəraitdə alındığını və partlayışların əsl təşkilatçılarının kim olduğunu mübahisələndirdi.
İsrailli tarixçi Avi Şlaym sonrakı araşdırmalarında bombalamaların ən azı bir hissəsində sionist yeraltısının iştirakına dair sübutlar təqdim etdiyini bildirib. Digər tarixçilər isə bu nəticəni qəbul etmir və İraq millətçilərinin də mümkün iştirakını vurğulayırlar.
Ancaq bir fakt mübahisəsizdir: 1950-ci ildən etibarən İraq yəhudilərinin kütləvi köçü başladı və 1951-ci ilin sonuna yaxın təxminən 120 min nəfər İsrailə aparıldı…
Beləliklə, Bağdadın 2 min ildən artıq dövrünü əhatə edən yəhudi tarixi faktiki olaraq başa çatdı.
Bəs kim kimi qovdu?..
Burada məsələ daha da həssaslaşır. İsrailin rəsmi mövqeyi belədir: ərəb ölkələrində yaşayan yüz minlərlə yəhudi diskriminasiya, zorakılıq, vətəndaşlıqdan məhrumetmə, əmlakın müsadirəsi və digər təzyiqlər nəticəsində öz tarixi vətənlərindən çıxmağa məcbur oldular. İsrail Knessetinin məlumatına görə, 1948-ci ildə ərəb ölkələrində 850 mindən çox yəhudi yaşayırdı və 1967-ci ilə qədər bu icmaların, demək olar ki, hamısı yox olmuşdu…
Bu arqumentin ciddi tarixi əsası var. Çünki Misirdən İraqa, Liviyadan Yəmənə qədər müxtəlif ölkələrdə yəhudilər həqiqətən də təqib, əmlak itkisi, həbs və vətəndaşlıq problemləri ilə üzləşiblər. Amma digər tərəfdən, bütün bu insanların İsrailə yalnız “qovulduqları üçün” getdiyini söyləmək də tarixə tam uyğun deyil. Sionist ideologiya, dini bağlılıq, İsrailə köç çağırışları və təhlükəsizlik axtarışı da mühüm rol oynayıb. Yəni burada həm təqib, həm qorxu, həm siyasi dəyişiklik, həm də sionist ideologiyanın cəlbediciliyi bir-birinə qarışmışdı…
Ən böyük paradoks…
Tarixin ironiyası da elə buradadır. Sionizm Avropada yəhudilərin təhlükəsizliyini təmin etmək iddiası ilə meydana çıxmışdı. Lakin İsrail dövlətinin yaranması ilə Yaxın Şərqdə əsrlərlə yaşayan yəhudilərin vəziyyəti də kökündən dəyişdi… İraq yəhudisi artıq sadəcə İraq yəhudisi deyildi. Mərakeş yəhudisi artıq sadəcə Mərakeş yəhudisi deyildi. Onların dini kimliyi getdikcə regional siyasi qarşıdurmanın prizmasından oxunmağa başladı…
Ərəb cəmiyyətlərinin bir hissəsi yəhudi ilə sionist arasındakı fərqi itirdi. İsrail siyasi diskursunun bir hissəsi isə ərəb ölkələrindəki yəhudilərin taleyini İsrail dövlətinin təhlükəsizliyi və legitimliyi ilə əlaqələndirdi. Nəticədə əsrlərlə davam edən ərəb-yəhudi həyatının mühüm hissəsi dağıldı…
Bəs “Neturey Karta” niyə etiraz edir?
Məhz bu nöqtədə “Neturey Karta” kimi anti-sionist ultra-pravoslav yəhudi hərəkatlarının mövqeyi ortaya çıxır. Hərəkat sionizmi yəhudiliyin ayrılmaz hissəsi hesab etmir və yəhudi dövlətinin insan siyasi təşəbbüsü ilə yaradılmasını dini baxımdan qəbul etmir. Onların teologiyasına görə, yəhudi suverenliyinin bərpası Məsihin gəlişi ilə əlaqəlidir.
Təbii ki, “Neturey Karta”nın mövqeyini bütün yəhudilərin mövqeyi kimi təqdim etmək mümkün deyil. Yəhudi dünyasının böyük əksəriyyəti sionizm və İsrail məsələsində tamamilə fərqli düşünür. Amma onların mövcudluğu mühüm bir tarixi həqiqəti xatırladır:
Yəhudilik sionizmdən daha qədimdir…
Və yəhudi xalqının tarixində milli dövlət ideyası heç də əzəldən mövcud olan, bütün yəhudilərin yekdil arzusu olmayıb. Əksinə, sionizmin meydana çıxmasına qədər yəhudi kimliyi din, icma, ailə, dil və yaddaş üzərində qurulan çoxqatlı bir kimlik idi. Sionizm bu kimliyə daha bir mühüm ölçü – siyasi millət və dövlət ideyasını gətirdi. Bəlkə də əsas dönüş nöqtəsi elə budur…
Bəs yəhudiləri və müsəlmanları sionizm parçaladımı?..
Bəlkə də suala bir qədər başqa cür yanaşmaq lazımdır. Sionizm yəhudi-müsəlman münasibətlərində yaranmış bütün problemlərin səbəbi deyildi. Bu münasibətlərdə əsrlər boyu dini ayrı-seçkilik, siyasi bərabərsizlik, lokal zorakılıq və qarşılıqlı stereotiplər də olub. Lakin sionizm həmin münasibətlərin siyasi mənasını dəyişdirdi.
Əvvəllər Bağdad yəhudisi üçün əsas sual “mən yəhudiyəmmi?” idisə, XX əsrin ortalarından etibarən ona başqa sual da verilməyə başladı:
“Sən hansı siyasi tərəfdəsən?” Bu, nəhəng dəyişiklik idi. Çünki dinlə siyasətin arasına milli dövlət girmişdi. Ərəb cəmiyyətlərindəki yəhudi artıq yalnız qonşu, tacir, həkim, müəllim, musiqiçi və ya həmşəhərli deyildi; İsrail-ərəb qarşıdurmasının fonunda ona bəzən siyasi kimlik də yüklənirdi. Eyni zamanda ərəb ölkələrindən gəlmiş yəhudilər İsrailin özündə də yeni sosial və siyasi proseslərin iştirakçısına çevrildilər…
Beləliklə, bir vaxtlar Əndəlüsdə Maimonid ərəb dilində yazırdı, Bağdadda yəhudi tacir ərəb qonşusu ilə eyni bazarda alver edirdi, Mərakeşdə yəhudi və müsəlman musiqiçilər eyni melodiyaları ifa edirdilər. Sonra isə həmin coğrafiyanın böyük hissəsində yəhudi ilə ərəb sözləri bir-birindən siyasi baxımdan uzaqlaşdırıldı…
Tarixin ən acı ironiyası da budur…
Bir ideologiya Avropada yəhudilərin təhlükəsizliyini təmin etmək üçün doğuldu. Lakin onun həyata keçməsi Yaxın Şərqdə başqa bir böyük siyasi parçalanmanın da tərkib hissəsinə çevrildi.Bu, sionizmin bütün yəhudiləri və bütün müsəlmanları “parçaladığı” anlamına gəlmir. Belə ümumiləşdirmə nə tarixi, nə də insan talelərini izah edir. Amma demək də çətindir ki, sionizmin meydana çıxması və İsrail dövlətinin yaranması ərəb-yəhudi münasibətlərinə heç nə dəyişmədi. Dəyişdi. Həm də çox şey…
Bu mənzərədə İsraildə müxtəlif dövrlərdə hakimiyyətdə olmuş siyasi liderlərin, xüsusən də Benyamin Netanyahunun fələstinlilər və İranla bağlı sərt və düşmənlik səviyyəsində olan siyasi ritorikasının cəmiyyətdə qarşıdurma və düşmənçilik hisslərinin güclənməsinə, həmçinin İran İslam İnqilabından sonra təxminən eyni münasibətin İsrail dövlətinə qarşı nümayiş etdirilməsinin və sonda həmin ritorikanın məntiqsiz siyasət yürütdüyü ortalıqda olan D.Trampın liderlik etdiyi ABŞ-ın da qatıldığı açıq silahlı savaşa çevrilməsinin təsir göstərdiyini də göstərmək vacibdir. Xüsusilə Qəzza müharibəsi dövründə bəzi İsrail rəsmilərinin fələstinliləri bütövlükdə təhlükə kimi təqdim edən və ya onları insanlıqdan kənarlaşdıran ifadələri beynəlxalq hüquq və insan haqları təşkilatları tərəfindən ciddi tənqid olunub. Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı soyqırım işi çərçivəsində də İsrail rəhbərlərinin və digər rəsmilərin bəzi açıqlamaları mümkün soyqırım niyyətinin göstəriciləri kimi təqdim edilib; məhkəmə isə İsrailin soyqırım ittihamını rədd etdiyini qeyd etməklə yanaşı, 2024-cü ildə Fələstinlilərə qarşı soyqırım aktlarının qarşısının alınması və soyqırıma birbaşa və açıq təhrikin önlənməsi barədə müvəqqəti tədbirlər müəyyən edib…
Əsl sual…
“Əl-Cəzirə”nin Haim Soferlə söhbətinin ortaya qoyduğu əsas məsələ əslində yalnız sionizm haqqında deyil. Məsələ budur ki, yəhudiliklə sionizmi eyniləşdirmək olarmı? Əgər yəhudilik sionizmlə eynidirsə, onda “Neturey Karta” kimi anti-sionist yəhudilərin mövcudluğu necə izah olunmalıdır?
Əgər yəhudilik sionizmlə eyni deyilsə, onda İsrail dövlətinin yəhudi xalqının bütün dini və tarixi arzularının yekun ifadəsi olduğunu necə iddia etmək olar?.. Bu sualların cavabı yəhudi dünyasında vahid deyil. İsraildə və dünyada milyonlarla yəhudi sionizmi öz milli kimliyinin ayrılmaz hissəsi hesab edir. Digərləri isə yəhudiliklə siyasi sionizmi bir-birindən ayırır.
Və burada daha bir mühüm həqiqət üzə çıxır:
Yəhudi olmaq başqa şeydir, sionist olmaq başqa. Müsəlman olmaq da ərəb olmaqla eyni olmadığı kimi…
Bu fərqləri siləndə tarix də, insan da itir. Bəlkə də bu gün Yaxın Şərqin ən böyük faciələrindən biri elə budur: insanlar bir-birinin dini və milli kimliyini siyasi düşmənçiliyin sinoniminə çevirməyə başlayıblar…
Halbuki tarix bizə başqa bir mənzərə də göstərir…
Əndəlüsün, Bağdadın, Mərakeşin, Qahirənin, Dəməşqin yaddaşında yəhudi və müsəlman həyatları bir-birinə toxunub. Bu həyat həmişə harmonik olmayıb, amma mövcud olub. Əksər əhalisi müsəlman olan Şimali Afrikada II Dünya müharibəsi ərəfəsində təxminən yarım milyon yəhudinin yaşaması bunun canlı sübutlarından biridir. Ona görə də bəlkə bugünkü əsas sual “Yəhudiləri və müsəlmanları kim ayırdı?” deyil. Daha doğru sual budur:
Nə üçün əsrlərlə bir-birinin qonşusu olmuş insanlar XX əsrdə bir-birinin siyasi düşməninə çevrildilər?..
Bu suala yalnız sionizmlə cavab vermək mümkün deyil. Avropa antisemitizmi vardı. Holokost vardı. Kolonializm vardı. Ərəb millətçiliyi vardı. Fələstin məsələsi vardı. 1948-ci il müharibəsi vardı. Qaçqınlıq vardı. Ərəb ölkələrində yəhudilərə qarşı təzyiqlər vardı. İsrailin dövlət quruculuğu və miqrasiya siyasəti vardı. Bütün bunlar bir-birinə qarışaraq Yaxın Şərqin əvvəlki sosial mənzərəsini dağıtdı.
İsrail dövləti qurulandan bəri Fələstin ərazilərinin işğalı, burada dinc əhaliyə qarşı çoxsaylı hərbi əməliyyatlar və beynəlxalq hüquq baxımından ağır nəticələr doğuran hadisələr, eləcə də fələstinlilərin İsrailə qarşı silahlı müqaviməti yəhudi-müsəlman münasibətlərinə ciddi təsir göstərib. Bu qarşıdurmada Fələstin tərəfinə müxtəlif dövrlərdə SSRİ, İran, Rusiya, Çin və bəzi Avropa dövlətlərinin fərqli formalarda siyasi, hərbi və ya digər dəstəyi olub, İsrailə qarşı hücumların ən genişmiqyaslı nümunələrindən biri isə HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu olub. Həmin hücumdan sonra Qəzzada davam edən müharibədə on minlərlə fələstinlinin öldürülməsi, o cümlədən dinc əhali arasında çoxsaylı itkilər barədə məlumatlar isə tarixən mövcud olmuş yəhudi-müsəlman münasibətlərinin bərpasını və qarşılıqlı etimadın yaranmasını daha da çətinləşdirir…
Daha qədim bir izah: məsələ peyğəmbərlik iddiasında idimi?..
Yəhudi-müsəlman qarşıdurmasının köklərini izah etməyə çalışan bəzi müsəlman müəlliflər daha qədim və dini xarakterli bir fərziyyəyə də diqqət çəkirlər: guya Ərəbistandakı bəzi yəhudilər gələcək bir peyğəmbərin zühurunu gözləyir, lakin onun İsrail övladlarından deyil, ərəblər arasından çıxmasını qəbul etməkdə çətinlik çəkirdilər. İslam ənənəsində həqiqətən də Məhəmməddən(ə.s.) əvvəl bəzi yəhudilərin Ərəbistanda gələcək peyğəmbəri gözləməsi və hətta onun yaxınlaşdığını bildirməsi barədə rəvayətlər var. Bəzi rəvayətlərdə isə ayrı-ayrı yəhudilərin Məhəmmədi(ə.s.) gözlənilən şəxs kimi tanıdığı, lakin yəhudi icmasının böyük hissəsinin onun peyğəmbərlik iddiasını qəbul etmədiyi bildirilir. Lakin bunu “yəhudilər sonuncu peyğəmbərin məhz yəhudilərdən gələcəyini kollektiv şəkildə gözləyirdilər” şəklində təqdim etmək tarixşünaslıq baxımından ehtiyat tələb edir: müasir tədqiqatlar həmin rəvayətlərin həm dini-təbliğati, həm də tarixi qatlarını ayırmağın vacibliyini vurğulayır. Üstəlik, ravvinik yəhudilik baxımından Məhəmmədin(ə.s.) peyğəmbər kimi qəbul edilməməsini yalnız onun ərəb mənşəli olması ilə izah etmək mümkün deyil; yəhudiliyin peyğəmbərlik, Tövrat və Məsih haqqında öz teoloji çərçivəsi vardı. Mədinədəki yəhudilərin Məhəmməd Peyğəmbər əleyhissəlamın çağırışını qəbul etməməsinin dini fikir ayrılıqları ilə yanaşı, qəbilə siyasəti və konkret tarixi-siyasi münasibətlərlə də bağlı olduğu göstərilir…
Bununla belə, həmin fərziyyənin diqqətçəkən tərəfi budur ki, o, sonrakı müsəlman düşüncəsində “peyğəmbərlik vəhyinin İsrail övladlarından kənara çıxması” məsələsini mühüm psixoloji və teoloji qarşıdurma nöqtəsi kimi təsəvvür edir. Bu yanaşmada problem sadəcə “yeni dinin meydana çıxması” deyil, ilahi seçilmişlik və peyğəmbərlik ənənəsinin kimə aid olduğu məsələsidir. Bəzi müsəlman müəlliflər buradan çıxış edərək ayrı-ayrı yəhudilərin Məhəmmədin(ə.s.) peyğəmbərliyinə qarşı münasibətində dini rəqabət və qısqanclıq elementinin ola biləcəyini irəli sürüblər. Lakin bunu bütün yəhudi din xadimlərinin və ya bütövlükdə yəhudi xalqının motivi kimi təqdim etmək üçün kifayət qədər tarixi əsas yoxdur. Həmçinin bu qədim dini mübahisəni birbaşa bugünkü İsrail-Fələstin qarşıdurmasının və ya müasir yəhudi-müsəlman münasibətlərinin əsas səbəbi hesab etmək tarixi dövrlər arasındakı böyük fərqləri nəzərə almamaq olardı. Bu fərziyyə ən çoxu, sonrakı əsrlərdə formalaşmış qarşılıqlı dini təsəvvürlərin və polemikaların daha qədim qatlarından biri kimi nəzərdən keçirilə bilər…
Hər şeyə rəğmən bütün bu deyilənlərdən gəlinən bəlkə də ən mühüm nəticə budur:
Tarix bizə yəhudi ilə müsəlmanın birlikdə yaşamasının mümkünsüz olmadığını artıq sübut edib. Əksinə, onlar bunu əsrlərlə ediblər. Sual indi keçmişdə, bir vaxtlar Bağdadın, Mərakeşin, Əndəlüsün küçələrində mümkün olmuş qonşuluq mədəniyyətinin yaddaşından bu gün nə kimin haqlı olduğunu müəyyənləşdirməkdən daha böyükdür. Sual budur ki, bir vaxtlar Bağdadın, Mərakeşin, Əndəlüsün küçələrində mümkün olmuş qonşuluq mədəniyyətinin yaddaşından bu gün nə öyrənmək olar? Çünki Yaxın Şərqin gələcəyi yalnız dövlətlərin sərhədləri ilə deyil, insanların bir-birini hansı kimliklə görməsi ilə də müəyyənləşəcək.
Və tarix bəlkə də ən sərt dərsini məhz burada verir:
Dini kimliyi siyasi düşmənçiliyin sinoniminə çevirəndə əvvəlcə qonşuluq ölür… Sonra isə yaddaş…



