Xatirələrdə yaşayan müdrik dövlət xadimi – Fəttah Heydərov

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin uzunillik deputatı, parlamentin Hesablayıcı komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Fəxri Prezidenti Fəttah Səməd oğlu Heydərovun vəfatından altı il ötür.
İnsan ömrü sona çatsa da, Vətəninə, dövlətinə və xalqına vicdanla xidmət edən şəxsiyyətlərin adı və əməlləri yaddaşlardan silinmir. Belə insanlar öz nəcib əməlləri, müdrikliyi və xalqa xidmət nümunəsi ilə daim yaşayırlar. Fəttah Heydərov da ömrünü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətimizin inkişafına həsr etmiş görkəmli ziyalı və müdrik dövlət xadimlərindən biri idi.
1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olan Fəttah Heydərov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, daha sonra isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə müəllim kimi başlamış, sonrakı illərdə müxtəlif məsul dövlət vəzifələrində çalışaraq zəngin idarəçilik təcrübəsi qazanmışdır.
1995-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Fəttah Heydərov parlamentdə səmərəli fəaliyyəti, prinsipial mövqeyi və dövlətçilik maraqlarına sadiqliyi ilə seçilmişdir. Uzun illər Milli Məclisin Hesablayıcı komissiyasına rəhbərlik etmiş, parlamentlərarası əlaqələrin inkişafına mühüm töhfələr vermiş, ölkəmizi beynəlxalq platformalarda layiqincə təmsil etmişdir.
Onun fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də Azərbaycan Ağsaqqallar Şurasına rəhbərlik etməsi idi. Ziyalımız ağsaqqallıq institutunun nüfuzunun qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, gənc nəslin Vətənə sevgi, dövlətə sədaqət və milli birlik ruhunda tərbiyə olunması istiqamətində yorulmadan çalışmışdır.
Fəttah müəllimin dövlətçilik ideallarına, azərbaycançılıq məfkurəsinə və dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələr yüksək qiymətləndirilmişdir. O, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Fəxri Prezidenti kimi Mərkəzin fəaliyyətinə daim mənəvi dəstək göstərmiş, milli-mədəni irsin qorunması, azərbaycançılıq ideologiyasının təbliği və dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə xüsusi diqqət yetirmişdir. Onun zəngin həyat təcrübəsi, müdrik tövsiyələri və xeyirxah münasibəti Mərkəzin üzvləri tərəfindən hər zaman böyük ehtiramla qarşılanmışdır.
Fəttah Heydərov təkcə yüksək dövlət vəzifələri tutmuş siyasi xadim deyildi. O, həm də cəmiyyətimizdə müdrik ağsaqqal, xeyirxah insan və milli-mənəvi dəyərlərin yorulmaz təbliğatçısı kimi böyük nüfuz qazanmışdı. Onun həyat amalının əsasını Vətənə sədaqət, dövlətə xidmət, xalqa bağlılıq və milli birliyin qorunması təşkil edirdi.
Onu yaxından tanıyanlar Fəttah bəyin həmişə təmkinli, uzaqgörən, sözü ilə əməli bir olan, insanlara qayğı və diqqətlə yanaşan şəxsiyyət kimi xatırlayırlar. Zəngin həyat təcrübəsi, müdrikliyi və yüksək mənəvi keyfiyyətləri ona cəmiyyətdə böyük hörmət qazandırmışdı. O, hər zaman insanları qarşılıqlı hörmətə, həmrəyliyə, dövlətçilik prinsiplərinə sadiq qalmağa və milli dəyərlərimizi qorumağa çağırırdı.
Azərbaycan dövləti onun uzunmüddətli və səmərəli fəaliyyətini yüksək qiymətləndirmişdir. Fəttah Heydərov müxtəlif illərdə “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Bu ali dövlət mükafatları onun Azərbaycan xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətlərin layiqli qiymətidir.
2020-ci il avqustun 4-də Fəttah Heydərov əbədiyyətə qovuşdu. O, Azərbaycanın görkəmli dövlət və elm xadimlərinin uyuduğu I Fəxri xiyabanda dəfn olundu. Onunla vida mərasimində dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, ailə üzvləri və onu sevən yüzlərlə insan iştirak edərək əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Bu gün, vəfatından altı il keçməsinə baxmayaraq, Fəttah Heydərovun zəngin irsi, dövlətçilik ənənələrinə sədaqəti, milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələr, müdrikliyi və yüksək insani keyfiyyətləri minnətdarlıq hissi ilə xatırlanır. Belə şəxsiyyətlər zaman keçdikcə unudulmur. Onların ömür yolu gələcək nəsillər üçün örnəyə çevrilir, əziz xatirəsi isə xalqımızın qəlbində daim yaşayır.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbərliyi və üzvləri, görkəmli dövlət və ictimai xadim Fəttah Heydərovun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onun ailəsinə, doğmalarına və yaxınlarına bir daha səmimi başsağlığı verirlər.
Uca Allahdan mərhuma rəhmət, ruhuna əbədi rahatlıq, ailəsinə və onu sevən hər kəsə səbir və dözüm diləyirik.
Allah rəhmət eləsin! Əziz xatirəsi daim yaşayacaq.