Xərçəngə aparan yol: Alkoqolun gizli təhlükəsi

Alkoqol qəbulu bədxassəli şişlərin yaranma riskini artırır.

Bu barədə rusiyalı mütəxəssis, fizioloq Aleksandr Kalyujin Lenta.ru nəşrinə müsahibəsində danışıb.

Mütəxəssis bildirib ki, alkoqol və onun parçalanma məhsulu olan asetaldehid birinci kateqoriyalı kanserogenlərə aiddir. Bu isə onların insanlarda xərçəng xəstəliyinin yaranmasına səbəb olduğu elmi şəkildə sübut edilmiş maddələr sırasında yer aldığını göstərir.

Onun sözlərinə görə, əsas risk faktoru içkinin növü deyil, tərkibindəki etanoldur. Aleksandr Kalyujin qeyd edib ki, pivə, şərab və sərt alkoqollu içkilər kanserogen təsir baxımından eyni potensiala malikdir.

“Alkoqol istehlakı ilə ağız boşluğu, udlaq və qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq və düz bağırsaq xərçəngləri, eləcə də qadınlarda döş xərçənginin inkişafı arasında birbaşa əlaqə elmi cəhətdən təsdiqlənib”, – deyə mütəxəssis vurğulayıb.

Aleksandr Kalyujinin sözlərinə görə, orqanizmdə etanol asetaldehidə çevrilir. Bu maddə DNT hüceyrələrinə zərər verə və onların bərpa mexanizmlərini poza bilən zəhərli birləşmədir. Nəticədə mutasiyaların və bədxassəli törəmələrin yaranma ehtimalı artır.

Fizioloq əlavə edib ki, alkoqol xroniki iltihab proseslərini gücləndirir, hormonal balansı pozur və immun sisteminin müdafiə imkanlarını zəiflədir.

Mütəxəssis vurğulayıb ki, onkoloji profilaktika baxımından alkoqolun təhlükəsiz dozası mövcud deyil. Onun sözlərinə görə, hətta az miqdarda alkoqolun müntəzəm qəbulu belə xərçəng riskini artırır, dozanın yüksəlməsi isə bu riski mütənasib şəkildə daha da artırır.