Vəhşi heyvanların hücumları Hindistanda gərginliyi artırır: Pələng daha bir fermeri öldürdü

Hindistanın Bixar ştatında pələng hücumu nəticəsində daha bir fermerin həyatını itirməsi kütləvi iğtişaşlara yol açıb. Etiraz əlaməti olaraq yerli sakinlər mərhumun cəsədini gətirərək avtomobil yolunun ortasına qoyublar.

Bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.

Məlumata görə, 45 yaşlı kişinin cəsədi pələnglərin mühafizə olunduğu qoruğunun yaxınlığında yerləşən Berihari kəndindəki əkin sahəsində aşkar edilib. Qəzetin yazdığına görə, hadisə barədə xəbər yayıldıqdan sonra kənd camaatı yerli magistralı bağlayıb. Onlar meşə təsərrüfatı idarəsinin işçilərinə hücum edərək, quruma məxsus xidməti avtomobilə ziyan vurublar.

İnsanların bu qədər sərt reaksiya verməsinin əsas səbəbi son vaxtlar vəhşi heyvanların kəndlilərə hücum cəhdlərinin çoxalmasıdır.

Bildirilir ki, avqust ayının ilk günlərindən bəri Hindistanda yerləşən qoruq ərazilərində timsah, kərgədan və pələnglərin hücumlarına məruz qalan bir neçə kənd sakini həyatını itirib.