Ukrayna dronları nəhəng şirkəti qorxutdu: Rusiyadan bu türk dövlətinə qaçır

Ukraynanın Rusiyadakı logistika mərkəzlərinə endirdiyi PUA zərbələrindən sonra Rusiyanın ən böyük marketpleysi “Wildberries” Qazaxıstanda iri anbarlar axtarmağa başlayıb.

Bu barədə “Kommersant” daşınmaz əmlak bazarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şirkət ümumilikdə 100 min kvadratmetr sahəsi olan anbarlar icarəyə götürmək niyyətindədir. Mənbələrin sözlərinə görə, “Wildberries” Ukrayna dronlarının mümkün hücumlarından logistika imkanlarının bir hissəsini qorumaq üçün Qazaxıstandakı bütün boş anbar sahələrini dəyərləndirir.

Lakin bu planın həyata keçirilməsi asan görünmür. 2025-ci ilin sonuna olan məlumata əsasən, Qazaxıstanda keyfiyyətli logistika sahələrinin ümumi həcmi 1,9 milyon kvadratmetr olsa da, onların cəmi 5,8 faizi boşdur. Ekspertlər bildirirlər ki, ölkədə 100 min kvadratmetrlik vahid anbar kompleksi mövcud deyil.

Mənbələr həmçinin bildiriblər ki, “Wildberries” Rusiyada da logistika infrastrukturunu genişləndirməyə çalışır. Ancaq bir sıra anbar sahibləri PUA hücumları riskinə görə şirkətlə yeni icarə müqavilələri bağlamaq istəmirlər.

Şirkətin mətbuat xidməti isə bildirib ki, Qazaxıstanda logistik mərkəzlərin tikintisi əvvəlcədən təsdiqlənmiş plan çərçivəsində həyata keçirilir. Hazırda Almatıda 100 min kvadratmetrdən çox, Astanada isə 160 min kvadratmetrdən artıq sahəyə malik logistika mərkəzlərinin inşası davam edir. Şirkət əlavə edib ki, əsas məqsəd malların müxtəlif anbarlar arasında daha səmərəli bölüşdürülməsi və tərəfdaşların iqtisadi dayanıqlığının artırılmasıdır.