Şəhərsalmanın əsas elementlərindən biri də binaların tikilməsidir. Demək olar ki, indi şəhərin hər nöqtəsində tikinti aparılır. Bəzən tikintidən yayılan toz ətrafa, yaxın yerdə yaşayan sakinlərin evlərinə yayılır. Bu isə təbii ki, müəyyən qədər narahatlıq yaradır.
Bəs görəsən, tikintidəki tozun, xüsusən də yay aylarında digər sakinlərin evlərinə, həyətlərə, havaya buraxılmasını necə minimuma endirmək olar? Tozun, tikinti materiallarının insan orqanizminə hansı əks təsirləri var?
Ekoloq Sadiq Həsənov açıqlamasında bildirib ki, tikintinin əks təsirlərini aradan qaldırmaq üçün tikinti sahələrini izolizasiya edilməlidir:
“Tikinti insan həyatının ən mühüm hissələrindən biridir. İnsanın yaşaması üçün evlər, obyektlər, digər sənaye müəssisələrinin tikintisi həmişə davam edəcək. Şəhərsalmanın əsas sahələrindən biri olan tikinti daim sakinlərdə narahatlıq yaradır. Tikinti gedən ərazilərdə tozun olması, küləkli havalarda tozun ətrafa yayılması, istifadə olunan sementin, narın qumun və digər materialların havaya sovrulması insan orqanizminə zərərli təsirlər göstərə bilər. Bütün bunları nəzərə alaraq tikinti şirkətləri həmin əraziləri izolizasiya etməlidirlər. Xəbərdarlıq nişanları asılmalı, tikintinin ətrafı bağlanmalı, yolların istiqaməti dəyişməlidir. Tikinti məcəlləsində də bu barədə maddələr əks olunur. Bakı şəhərində bəzən bu qaydalara riayət edirlər. Qaydalara əməl etməklə tikintini dünyadakı inkişaf etmiş ölkələrin praktikası əsasında davam etdirmək olar. Tozun havaya buraxılmasının qarşısın almağın ən yaxşı yolu tikinti aparılmayan mərhələdə onların üzərini bağlamaqdır. Tikinti mərhələsində isə materialları tez-tez sulamaq kifayət edə bilər”.
Həkim-pulmonoloq Əlizamin Sadıqov açıqlamasında qeyd edib ki, tikintidən yayılan toz insan sağlamlığı üçün təhlükəlidir:
“Tikintilərdən havaya yayılan toz yalnız havanı çirkləndirmir, eyni zamanda ətraf mühitə, torpağa və su mənbələrinə də mənfi təsir göstərir. Nəzərə alsaq ki, xüsusilə şəhər mərkəzində avtomobil sıxlığı yüksəkdir və havanın çirklənməsi artıq pik həddə çatır, tikinti sahələrindən yayılan toz bu vəziyyəti daha da ağırlaşdıraraq sağlamlıq üçün ciddi risklər yaradır.
Ətraf mühit havasının çirklənməsi havanın keyfiyyətini aşağı salır, ekosistemə zərər vurur və nəticədə insanların həm fiziki, həm də psixi sağlamlığına mənfi təsir göstərir.
Tikinti sahələrində çalışan şəxslərdə peşə xəstəliklərinin yaranma ehtimalı daha yüksəkdir. Tikinti tozunun tərkibində olan zərərli hissəciklər nəfəsalma yolu ilə birbaşa ağciyərlərə daxil olur, alveollarda və kiçik tənəffüs yollarında toplanaraq silikoz, antrakoz və asbestoz kimi peşə xəstəliklərinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, tikinti sahələrində radon qazının yüksək səviyyəsi və asbestlə uzunmüddətli təmas ağciyər və plevra xərçəngi riskini artırır.
Tikinti tozuna uzun müddət məruz qalmaq xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) yaranma riskini təxminən 1,5 dəfə artırır. Araşdırmalar göstərir ki, iş yerlərində zərərli toz faktorları bu xəstəliyin yaranma səbəblərinin təxminən 20 faizini təşkil edə bilər.
Bronxial astmaya gəldikdə isə, tikinti tozları xəstəliyin yaranmasının birbaşa səbəbi hesab olunmur. Lakin astması olan insanlarda bu tozlar simptomların daha da ağırlaşmasına, tutmaların tezləşməsinə və tənəffüs çatışmazlığının yaranmasına səbəb ola bilər.
Nəfəsalma zamanı qəbul edilən toz hissəcikləri tənəffüs yollarını qıcıqlandırır. Buna cavab olaraq iltihab prosesi başlayır. İltihab nəticəsində tənəffüs yolları daralır, havanın ağciyərlərə keçməsi çətinləşir, selik ifrazı artır və ağciyər toxumasında zədələnmə baş verir”.
Həkim qeyd edib ki, bu problemlərin qarşısını almaq üçün iş yerlərində və ümumilikdə ətraf mühit havasının keyfiyyətinə müntəzəm monitorinq aparılmalıdır:
“Tikinti sahələrində çalışan işçilər fərdi qoruyucu vasitələrlə, o cümlədən respirator və xüsusi iş geyimləri ilə təmin edilməlidirlər. Onların sağlamlıq vəziyyəti dövri olaraq tibbi müayinələrlə izlənilməlidir. Eyni zamanda şəhərlərdə yaşıllıq zonalarının artırılması, tikinti sahələrində tozun qarşısını alan tədbirlərin görülməsi və havanın çirklənməsinin azaldılmasına yönəlmiş ekoloji siyasətin gücləndirilməsi böyük əhəmiyyət daşıyır”.




