TikTok uşaqların həddindən artıq istifadəyə təşviq edildiyi iddiası ilə açılan məhkəmə işində 100 milyon dollarlıq razılaşmaya gedib
Sosial media platforması TikTok uşaqları tətbiqdən həddindən artıq istifadəyə təşviq edəcək şəkildə hazırlandığı iddiası ilə ABŞ-ın Alabama ştatında açılan məhkəmə işi üzrə razılaşmaya gedib.
Şirkət Alabama ştatına 100 milyon dollar ödəməyi və uşaqların platformadan istifadəsinə məhdudiyyətlər tətbiq etməyi qəbul edib.
Razılaşmaya əsasən, Alabamada yeniyetmələrin TikTokdan gündəlik istifadəsi 2 saatla məhdudlaşdırılacaq. Gecə saatlarında və məktəb vaxtı tətbiqə girişə də məhdudiyyət qoyulacaq. Bundan əlavə, valideynlərin övladlarının platformadan istifadəsinə daha geniş nəzarət etməsinə imkan verən yeni funksiyalar tətbiq olunacaq.
TikTok 100 milyon dollarlıq ödənişi 45 gün ərzində həyata keçirməlidir. Razılaşmanın şərtlərinə əməl edilmədiyi təqdirdə şirkətin Alabama ştatına əlavə olaraq 300 milyon dollara qədər ödəmə etməsi nəzərdə tutulur.



