Səudiyyə Ərəbistanındakı “Ciddə Qülləsi” (Jeddah Tower) dünya rekorduna doğru sürətlə irəliləyir. Bu möhtəşəm tikili bəşəriyyət tarixində 1 kilometr hündürlüyə çatan ilk memarlıq abidəsi olacaq.
Bu inanılmaz layihənin təxmini dəyəri 885 milyon funt-sterlinq qiymətləndirilir.
Dronla çəkilmiş kadrlar tikinti işlərinin yüksək templə davam etdiyini göstərir. Belə ki, 2026-cı ilin aprel ayında “Ciddə Qülləsi” 100 mərtəbə həddini keçib və binanın hündürlüyü artıq 400 metri ötüb.
İnşaatçılar 1000 metrlik son hədəfə çatmaq üçün işləri fasiləsiz davam etdirirlər.
Tikinti başa çatdıqda qüllə hazırkı dünya rekordunu 180 metrdən çox üstələyəcək.
Hazırda dünyanın ən hündür binası Dubaydakı “Bürc Xəlifə”dir (Burj Khalifa). Hündürlüyü 828 metr olan bu bina 2010-cu ildən bəri rekordu özündə saxlayır.
“Ciddə Qülləsi” isə bu nailiyyəti xeyli geridə qoymaq üçün layihələndirilib və əsrin ən ambisiyalı tikintilərindən biri hesab olunur.
Qeyd edək ki, qüllə nəhəng “Jeddah Economic City” layihəsinin mərkəzi elementi statusunu daşıyır.
Binada dəbdəbəli hotel, rezidensiyalar və ofis sahələri yer alacaq. Səyahətçilər üçün 644 metr hündürlükdə xüsusi panorama meydançası yaradılacaq, digər bir müşahidə meydançası isə binanın 157-ci mərtəbəsində fəaliyyət göstərəcək.




