Tədris kursları nəzarətə götürülməlidir

0
455

Bu gün ölkədə tədris-hazırlıq-dil kurslarının sayı kifayət qədərdir və hər ötən gün sayı daha da artır. Müxtəlif adlarda fəaliyyət göstərən bu kursların qiymətləndirilməsi ilə bağlı heç bir monitorinq və statistika bəlli deyil. Ancaq qəribədir ki, səviyyəsi barədə heç bir göstərici olmayan bu kurslara tələbat durmadan artır.
Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hazırlıq kursları 1990-cı illərdə test üsulunun tətbiqindən sonra geniş yayılmağa başlayıb.
Ekspertin sözlərinə görə, cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi formalaşandan sonra belə kursların fəaliyyəti daha da genişlənib:
“İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Hazırda Bakı şəhərində repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata, hazırlıq kursları isə 150-250 manata hazırlayır. Hazırda bu kurslar hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədə problemlər mövcuddur. Bu sahəyə demək olar ki, nəzarət toxdur. Kim istəsə, bir otaq götürüb 3-5 parta qoyur və başlayır dərs deməyə. Nə təhlükəsizliyə zəmanət var, nə də keyfiyyətə”.
K.Əsədov bildirib ki, hazırlıq kurslarındakı müəllimlərin fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı:
“Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərir. Təəssüf ki, hazırlıq kurslarında heç bir ciddi tələb yoxdur. Hər kəs bu kurslarda işləyə bilər. Heç bir məhdudiyyət də nəzərdə tutulmur. Onlardan bəzən diplom belə tələb edilmir. Rus və ingilis dilini bilən istənilən şəxs belə dil kurslarında asanlıqla işləyə bilir, dərs deyir.