Suriya hakimiyyəti druz qüvvələri ilə bədəvi qəbilələri arasında baş verən qanlı toqquşmalardan sonra ölkənin cənubundakı Əs-Suveyda əyalətində daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başlayıb.
Bu barədə Suriya TV Suriya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddin əl-Babanın bəyanatına istinadən məlumat yayıb.
“Cinayətkar qruplar tərəfindən törədilən qanlı hadisələrdən sonra və Respublika Prezidentinin göstərişi ilə daxili təhlükəsizlik qüvvələri əsas məqsədi mülki əhalinin müdafiəsi və xaosa son qoymaq olan ümummilli missiyanın bir hissəsi kimi Əs-Suveyda əyalətinə yerləşdirilməyə başlayıb”, – deyə məlumatda bildirilir.
Daxili İşlər Nazirliyinin sözçüsü iddia edir ki, dövlət bütün siyasi və təhlükəsizlik strukturları ilə Suveydada təhlükəsizlik və sabitliyin bərpası üçün səylərini davam etdirir.
Xatırladaq ki, Suriyanın keçid prezidenti Əhməd Əl Şaraa ölkədə hərtərəfli atəşkəs elan edib.
İyulun 13-də Suriya silahlı qruplarının Əs-Suveyda əyalətində bir sıra druzların (İsrail hökumətinin dəstəklədiyi etnik qruplar) yaşayış məntəqələrinə hücumu, nəticədə əyaləti Dəməşqlə birləşdirən avtomobil yolunun da bağlanması barədə məlumat yayılmışdı. Mülki əhalini qorumaq üçün druz özünümüdafiə dəstələri silahlı dəstələrlə döyüşə başlayıblar.
Druzlara dəstək olaraq İsrail Müdafiə Qüvvələri (İDF) iyulun 16-da Dəməşqdəki Suriya Baş Qərargahının giriş qapısına zərbələr endirib. Suriya ilə gərginlik fonunda İDF iki diviziyanı Colan təpələrinə köçürməyə hazır olduğunu da açıqlayıb.




