Dünya reytinqində hansı ölkədən neçə universitet var? – Azərbaycan 14, Ermənistan…

Dünya Universitetlərinin yeni reytinq siyahısının açıqlandığı barədə məlumat vermişdik.

Siyahını “Times Higher Education” dərc edib. Ümumilikdə, reytinqə 118 ölkədən 2297 ali təhsil müəssisəsi daxil edilib.

Reytinqə ardıcıl 11-ci ildir ki, 97.9 balla Birləşmiş Krallıqdakı Oksford Universiteti başçılıq edir.

İkinci yerdə 97,8 balla Massaçusets Texnologiya İnstitutudur (MIT), üçüncü və dördüncü yerləri isə hər biri 97 balla ABŞ-ın Prinston və Stanford universitetləri tutur.

İlk onluğa həmçinin Kembric və Harvard universitetləri, Kaliforniya Texnologiya İnstitutu, London İmperial Kolleci, eləcə də Kaliforniya Berkli və Yel universitetləri daxildir.

THE-nin məlumatına görə, ilk dəfə olaraq üç Asiya universiteti dünyanın ən yaxşı 15 universiteti siyahısına daxil edilib.

Reytinqdə Türkiyə 142 universitetlə təmsil olunur. Türkiyə universitetləri reytinq siyahısında 326-2001+ aralığında qərarlaşıblar.

İrandan 401-dən 2001+ aralığına qədər 89 universitet daxil edilib.

Azərbaycan 701-ci yerdən 2001+-ə qədər aralıqda 14 universitetlə təmsil olunur.

Gürcüstan isə 1401-ci yerdən 2001+-ə qədər sıralamada 8 universitetlə təmsil olunur.

Reytinq siyahısına Ermənistandan cəmi iki – İrəvan Dövlət Universiteti və Ermənistan Avropa Universiteti daxildir.