ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya “Tomahawk” qanadlı raketlərinin verilməsi və ya Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün alternativ variantların axtarılması imkanını nəzərdən keçirir.
Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Bloomberg” telekanalının efirində bildirib.
“Prezident Tramp “Tomahawk” raketlərinin lazım olub-olmadığını və ya digər ölkələrin uzaqmənzilli zərbələr üçün alternativ imkanlar təqdim edə biləcəyini araşdırmağa davam edəcək”, – Uitaker deyi.
Amerikalı diplomat ABŞ administrasiyasının hansı alternativ silah təchizatı variantlarını nəzərdən keçirdiyini və bu prosesə hansı ölkələrin cəlb oluna biləcəyini dəqiqləşdirməyib.
Çərşənbə axşamı ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, ABŞ Ukraynaya “Tomahawk” raketlərinin verilməsinə yaxınlaşıb. Onun sözlərinə görə, Tramp Ukraynaya münaqişədə qalib gəlmək üçün yardım etməyə çalışmır, əksinə, silahlı münaqişəni nizamlamağa çalışır, çünki “o, həmişə qalibdir.”




