Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda 11 nəfərin ölümü, 130 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar avqustun 18-də birgünlük matəm elan edilib.
Bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib.
“Şilovski rayonunda baş vermiş faciəli hadisələrlə əlaqədar avqustun 18-i Ryazan vilayətində matəm günü elan edilib”, – deyə o, “Telegram” kanalında yazıb.
Pavel Malkovun sözlərinə görə, bu gün bütün bölgədə bayraqlar endiriləcək. Mədəniyyət müəssisələri, teleradioşirkətlər və təşkilatlardan əyləncə tədbirlərini ləğv etmələri istənilib.
“Bu dəhşətli faciədən zərər çəkmiş hər kəslə birlikdə kədərlənirəm. Ölənlərin yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmalarını diləyirəm”, – deyə o bildirib.
Rayon rəhbəri dövlət orqanları tərəfindən həlak olanların ailələrinə və xəsarət alanlara yardım göstəriləcəyini də qeyd edib.
Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı zavodda baş vermiş fövqəladə hadisə nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Bu barədə regional operativ qərargahdan məlumat verilib.
“Şilovski rayonunda baş verən hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayı 11-ə çatıb. 130 zərərçəkənə tibbi yardım göstərilib, onlardan 29-u xəstəxanaya yerləşdirilib”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Rusiyanın Ryazan vilayətinin Şilovski rayonunda yerləşən “Elastik” zavodunun barıt sexində partlayış baş verib. Bildirildiyinə görə, barıt sexinin binası tamamilə dağılıb.




