Gündəlik xırda xərclər əhəmiyyətsiz görünə bilər. Lakin ayın sonunda bu məbləğlər toplanaraq büdcədə ciddi boşluq yaradır.
İnsanların əksəriyyəti öz maliyyə vəziyyətinə nəzarət etdiyini düşünür. Lakin bank çıxarışlarına diqqətlə nəzər saldıqda reallığın fərqli olduğu ortaya çıxa bilər.
The Washington Post nəşri insanların şəxsi maliyyələri ilə bağlı özlərinə söylədikləri və büdcələrinə mənfi təsir göstərən beş yanlış fikri açıqlayıb.
“Büdcəmi onsuz da bilirəm”
“Bir çox insan gəlir və xərclərini yaddaşında saxlamağın büdcəyə nəzarət etmək üçün kifayət etdiyini düşünür.” Halbuki rəqəmlər yazılı şəkildə qeyd edilmədikdə pulun hara getdiyini dəqiq müəyyənləşdirmək çətinləşir.
Gündəlik xərcləri dəftərdə, elektron cədvəldə və ya xüsusi tətbiqdə qeyd etmək real maliyyə vəziyyətini görməyə və qənaət imkanlarını müəyyənləşdirməyə kömək edir.
“Təcili vəziyyət üçün kifayət qədər pul yığmışam”
Gözlənilməz vəziyyətlər üçün kənara qoyulan vəsait gündəlik alış-verişlərə və digər adi xərclərə sərf olunursa, bu pul artıq maliyyə təhlükəsizliyi yaratmır.
Həqiqi ehtiyat fondu yalnız fövqəladə və gözlənilməz xərclər üçün saxlanılan vəsaitdir.
“Kartla xərcləyərkən də büdcəmi yaxşı idarə edirəm”
Nağdsız ödənişlər gündəlik həyatı xeyli asanlaşdırır. Lakin kartla pul xərcləyərkən fiziki olaraq pulun əldən çıxdığını hiss etməmək xərclərə nəzarəti zəiflədə bilər.
Nəticədə insan fərqinə varmadan büdcəsində nəzərdə tutduğundan daha çox vəsait xərcləyə bilər.
“Mən çöldə yeməyə çox pul xərcləmirəm”
Bir fincan qəhvə, işdə nahar, yolda alınan qəlyanaltı və axşam sifariş edilən yemək ayrı-ayrılıqda böyük xərc kimi görünmür.
Lakin bu xərclər hər gün təkrarlananda ayın sonunda kifayət qədər ciddi məbləğə çevrilə bilər. Məhz buna görə insanlar çöldə yeməyə xərclədikləri vəsaiti çox vaxt olduğundan az hesablayırlar.
“Pulun hara getdiyini heç özüm də bilmirəm”
Bəzən insan ayın sonunda pulunun niyə azaldığını anlaya bilmir. Əslində isə səbəb bir neçə böyük xərc deyil, gün ərzində edilən çoxsaylı kiçik alış-verişlər ola bilər.
Xərcləri “vacib” və “istək” kateqoriyalarına ayırmaq da problemin əsas mənbələrini müəyyənləşdirməyə kömək edir.
Maliyyə problemləri adətən bir gündə yaranmır. Onlar nəzarətsiz qalan kiçik xərclərin tədricən artması nəticəsində formalaşır.
Mütəxəssislər real maliyyə vəziyyətini görmək üçün ən azı son altı ayın bank çıxarışlarını nəzərdən keçirməyi və bütün xərcləri kateqoriyalar üzrə təhlil etməyi tövsiyə edirlər.
Beləliklə, pula nəzarəti bərpa etməyin ilk addımı onun hara getdiyini dəqiq bilməkdir.



