Orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı, indiyədək ölümdən sonra orqan donorluğu üçün razılığı təsdiqlənmiş şəxslərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayının 1000 nəfəri ötdüyü bildirilib:
“Həmin şəxslərin ayrı-ayrılıqda hansı orqanların transplantasiyasını gözlədiklərinə dair statistik bölgü isə təxminən aşağıdakı kimidir:
– Böyrək transplantasiyası – 400 nəfərdən çox
– Qaraciyər transplantasiyası – təxminən 180 nəfər
– Ürək transplantasiyası – 30 nəfərə yaxın
– Sümük iliyi transplantasiyası – 500 nəfərdən çox
– Buynuz qişa transplantasiyası – 20 nəfərə yaxın.
Onu da qeyd edək ki, indiyədək ölümdən sonra orqan donorluğu üçün rəsmi razılıq ərizəsi imzalamış şəxslərin sayı təxminən 1200 nəfərə yaxındır”.




