Nepalda bütün hava limanları fəaliyyətini dayandırdı

Nepalda bütün hava limanları sentyabrın 11-dək fəaliyyətini dayandırıb.

Bu barədə Rusiyanın respublikadakı səfirliyinin “Telegram” kanalında məlumat verilib.

“Hava limanları sentyabrın 11-i ən azı saat 00:00-a qədər bağlı olacaq. Bağlanma müddətinin daha da uzadılmasını istisna etmək olmaz”, – məlumatda deyilir.

Bütün bunların fonunda diplomatik nümayəndəlik rusiyalıları Nepal ətrafında səyahətlərini planlaşdırarkən alınan məlumatları nəzərə almağa və ümumilikdə onların sayını minimuma endirməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 9-da etirazçılar Bhairahava şəhərindəki Qautam Budda beynəlxalq hava limanını yandırıblar.

Nepalda mitinqlər bir sıra sosial şəbəkələrə girişin məhdudlaşdırılması fonunda başlayıb, bu barədə hökumət sentyabrın 4-də qərar verib. Məhdudiyyətlər “Facebook”, “Instagram” və “WhatsApp” və bir sıra digər resurslara təsir edib.

Sentyabrın 9-da hakimiyyətin məhdudiyyətləri aradan qaldırmasına baxmayaraq, nümayişlər və iğtişaşlar dayanmayıb. O cümlədən, fəallar dövlət başçısının iqamətgahına soxularaq onu yandırıblar. Bəzi digər siyasətçilərin iqamətgahlarına da ziyan dəyib.