Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə start verilir

Avqustun 5-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim olunacaq.

Namizədlər elektron ərizə formalarında maksimum səkkiz vakant yer seçə bilərlər. Vakant vəzifələrə yerləşdirmə namizədin ərizədə göstərdiyi seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.

Qeyd olunub ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak edə bilməyəcəklər.

Məlumata görə, növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Həmin mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi avqustun 6-sı saat 11:00-dək davam edəcək.