Məlikcan əməliyyatında qəhrəmancasına döyüşüb şəhid olmuş hərbi qulluqçuların xatirələri anılıb

Birinci Qarabağ müharibəsinin önəmli səhifələrindən biri olan Məlikcan əməliyyatının ildönümündə şəhid olmuş igid hərbçilərin xatirəsi ehtiramla yad edilib.

“Poliqon”un məlumatına görə, anım tədbirində döyüş iştirakçıları, qazilər, kənd sakinləri, şəhid ailələri və veteranlar həmin əraziyə baş çəkərək şəhidlərin məzarlarını ziyarət ediblər. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

848 saylı Füzuli özünümüdafiə taborunun komandiri Zahir Həsənov çıxışı zamanı 1992-ci il 15 avqust tarixində baş vermiş əməliyyatdan bəhs edib. O bildirib ki, bu əməliyyat zamanı Azərbaycan Ordusu Ağdərə istiqamətində mühüm uğurlar əldə edib. Onun rəhbərlik etdiyi bölük Məlikcan qalasını azad etməyə nail olub. 12 saat ərzində nəzarətdə saxlanılan ərazidə ağır döyüşlər nəticəsində 9 qəhrəman şəhidlik zirvəsinə ucalıb.

Z.Həsənov qeyd edib ki, düşmənə ciddi zərbələr endirilib, hərbi texnikaları ələ keçirilib. “Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu çətin şəraitdə belə Vətəni qorumağa qadirdir,” – deyə o vurğulayıb. Z. Həsənov çıxışında həmçinin vurğulayıb ki, 2020-ci ildə baş tutmuş 44 günlük Vətən müharibəsində məhz o ərazilər Azərbaycan Ordusunun rəşadətli hücumları nəticəsində azad olundu.

Tədbirin sonunda şəhidlərin həyat yolu və döyüş şücaətləri barədə məlumatlar səsləndirilib, onların ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!